"Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön yerlərə düzülür". "Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön yerlərə düzülür".
  • Tribuna
  • 12 Fevral 2019 15:54
  •  3 627

Qüdrət Həsənquliyev Reklam Agentliyini sərt tənqid etdi

"Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön yerlərə düzülür".

“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır:

“Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib? Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön yerlərə düzülür".

Q.Həsənquliyev vurğulayıb ki, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır:

"Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.

Elgün

AzNews.az