"O, Ermənistan xüsusi xidmət orqanlarının agenti olub". "O, Ermənistan xüsusi xidmət orqanlarının agenti olub".
  • Tribuna
  • 4 Mart 2019 14:59
  •  3 885

Fəxrəddin Abbasov vətən xainidir - Deputat

"O, Ermənistan xüsusi xidmət orqanlarının agenti olub".

Bu günlərdə bəzi yerli və xarici hüquq müdafiə təşkilatları, eləcə də ayrı-ayrı şəxslər Fəxrəddin Abbasovu alim, intellektual kimi qələmə verir, onun həbsində siyasi motiv axtarır, həbsini siyasiləşdirməyə, Azərbaycanda azsaylı xalqlara, etnik azlıqlara təzyiq kimi qələmə verməyə çalışırlar.

Hətta Ermənistan KİV-ləri, erməni lobbi təşkilatları F.Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması, bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim edərək kampaniya aparırlar.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu AzNews.az-a bildirdi ki, fikir plüralizmi, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və s. kimi məsələlər beynəlxalq güc mərkəzlərinin milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri ən effektiv silahdır. Bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək dəyərsizləşdirilir və qlobal imperializm bunu öz məqsədlərinə çatmaq üçün edir:

"Başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin özləri ən çox hüquq və azadlıqları pozan ölkələrdir. Onlar öz milli maraqlarını, imperialist maraqlarını təmin etmək üçün istismar obeykti kimi müəyyənləşdirdikləri ölkələrə xüsusi bir təzyiq, yaxud elə siyasi şantaj mexanizmi formalaşdıraraq onun adını bəzən beynəlxalq hüquq müdafiəsi təşkilatları, bəzən beynəlxalq və regional təşkilat, bəzən isə söz və vicdan azadlıqları təşkilatları qoyurlar. Ancaq onların əsl məqsədi hüquq və azadlıqların qorunması deyil, bəzi ölkələri nəzarət altında saxlamaq üçündür. Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istismarçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsidir. Fəxrəddin Abbasov Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır və Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib, sentyabrın 6-da Rusiyada saxlanılıb.Onun haqqında hələ 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib".

H.Babaoğlu qeyd etdi ki, F.Abbasov ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar edib. Onun Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu da bəllidir. Dəfələrlə işğalçı Ermənistanın paytaxtı Yerevan şəhərində müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib:

"Bütün bunlar isə vətən xainliyidir, ölkəmizin milli təhlükəsizliyini təhdid etməklə konkret cinayət tərkibli hərəkətlərdir. Hamı çox aydın dərk etməlidir ki, Azərbaycan qanunlarını pozan, onun milli təhlükəsizliyini təhdid edən hərəkətlərə kim yol veribsə, mütləq gec-tez cəzalandırılacaq. Ona görə də burada etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq axtarmaq yersizdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də bu hadisəni siyasiləşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər".

Elgün
AzNews.az