“Son sərəncamlar bir daha göstərdi ki...” - Millət vəkili

"Bütün bunlar dövlətin mədəniyyətimizin keşiyində dayandığının göstəricisidir".

“Cənab prezident İlham Əliyevin Azərbaycan teatr və kino xadimləri ilə görüşü, onların qaldırdığı məsələlərə həssaslıqla yanaşması bir daha ölkə başçısının teatrımızın, kinomuzun, ümumilikdə mədəniyyətimizin yanında olduğunu göstərdi. Dövlətimizin başçısı hər zaman mədəniyyətimizin kino və teatr sahəsini diqqətdə saxlayıb. Teatr binalarının yenidən qurulması, bərpası, mədəniyyət, kino və teatr xadimlərinə fərdi və Prezident təqaüdlərinin verilməsi buna misaldır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 1-də ölkəmizin aparıcı mədəniyyət xadimləri, incəsənət nümayəndələri ilə görüşü dövlətin, ölkə rəhbərliyinin bu sahəyə diqqətinin, qayğısının göstəricisidir: “Cənab Prezident bu görüşdən üç gün sonra Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Teatrların inkişafına 1,8 milyon manat ayırdı. O cümlədən, hər bir teatr üçün ayrıca vəsaitin ayrılmasını təmin etdi. Cənab prezident məcburi köçkün statusu daşıyan teatrımızı da unutmadı. Şuşa Dövlət Musiqili Dram Teatrına da Prezidentin Ehtiyat Fondundan 100 min manat vəsaitin ayrılması da həmin sərəncamda öz əksini tapdı. Bu məqam onu göstərir ki, mənəvi məhrumiyyətlər, ən əsası işğal acısı yaşayan bir teatr truppasına da yardım ayırmaqla, ölkə başçısı heç nəyin, heç kimin diqqətdən kənarda qalmadığını bir daha göstərmiş oldu”.

Millət vəkili bildirib ki, teatr və kino sahəsinə ayrılan vəsaitlər Azərbaycan mədəniyyətinin inkişafında yeni dönüş mərhələsinin başlanğıcıdır: “Bu sərəncamlar yeni avadanlıqların alınmasına, teatr və kinostudiyalarımızın maddi-texniki təminatının yaxşılaşdırılmasına, eləcə də yeni-yeni tamaşaların, ekran işlərinin ərsəyə gəlməsinə yardımçı olacaq. Bu sərəncamlardan, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdən sonra gənc teatr və kinoşünasların, aktyorlarımızın yetişməsi üçün yeni qapıların açılacağı düşüncəsindəyəm. Ölkə başçısının teatr və kino sahəsinə belə bir diqqət sərgiləməsi cəmiyyətimiz tərəfindən də alqışlanır. Bundan başqa, cənab prezident “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” da sərəncam imzaladı. Bütün bunlar dövlətin və ölkə rəhbərliyin hər zaman mədəniyyətimizin keşiyində dayandığının göstəricisidir”.

Qeyd edək ki, martın 1-də ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə bir qrup mədəniyyət xadimləri ilə görüş keçirilib. Görüşdə aktyorların, teatr xadimlərinin, eləcə də ölkəmizin aparıcı mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları olub. Onların təklifləri, arzu və istəkləri dinlənilib. Həmin görüşdən sonra ölkə prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev sərəncama əsasən teatrların inkişafına 1,8 milyon manat ayırıb.(hafta.az)

AzNews.az