“Vəkillərlə bağlı cəmiyyətin iradını və narahatlığını qəbul edirik” “Vəkillərlə bağlı cəmiyyətin iradını və narahatlığını qəbul edirik”
  • Tribuna
  • 27 Mart 2019 19:52
  •  3 810

“Cəmiyyətdə məhkəməyə tam inamı formalaşdıra bilməmişik” - Əli Hüseynli

“Vəkillərlə bağlı cəmiyyətin iradını və narahatlığını qəbul edirik”

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsindəki çıxışında ölkədə aparılan islahatların dərinləşəcəyini vurğulayıb. “İslahatlara alternativ yoxdur” deyən ölkə başçısı məhkəmə-hüquq sistemində də islahatların aparılacağını və artıq müvafiq göstərişlər verildiyini və sənədlər paketi hazırlandığını vurğulayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məhkəmə-hüquq sistemi və “Mediasiya haqqında” qanun layihəsi ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Əli müəllim, bildiyiniz kimi, son vaxtlar ölkədə bir çox sahələrdə aparılan islahatlar diqqət çəkir. Hazırda hüquqi proses, məhkəmə sistemi ilə bağlı məsələlər necə tənzimlənir?

- Hazırda bütün sahələrdə islahatların dərinləşməsi prosesi gedir. İndi ictimai münasibətlər müxtəlif olduğu qədər həm də fərqlidir. Əvvəlki dövrlərə nəzər yetirsək, indi mübahisələrin daha çox olduğunun şahidi olarıq. İnsanlar, yaxud da, hüquqi şəxslər arasında mübahisələrin sayı çoxalıb. Bu da səbəbsiz deyil. Bazar iqtisadiyyatı sistemində mülkiyyət növü kimi özəl mülkiyyət də mövcuddur. Bu da o deməkdir ki, işə götürən və ya işləyən şəxs arasında mübahisələrin sayı çoxdur. Əvvəlki dövrlərdən fərqli olaraq, inzibati münasibətlərlə tənzimlənən bir çox münasibətlər yaranıb. Statistik göstəricilərə nəzər yetirsək, ailə münasibətlərinin çox olduğunu görərik. Qeyd etmək istərdim ki, bu cür münasibətlərin sayının çox olması həm də inkişafın göstəricisidir. İndiki halda, bütün mübahisəli məsələlərin həlli məhkəmə yolu, yəni hakimiyyət orqanının iştirakı ilə mümkün olmur.

Görülən işlərin sayı çoxalır və onun qarşısını müxtəlif yollarla alsaq da, bu artım dayanmadan davam edir.

- Məhkəmə-hüquq sistemində müxtəlif yollar dedikdə nə nəzərdə tutulur?

- Hakimlərin sayı çoxalır, yaxud da, qanunvericilikdə müəyyən dəyişikliklər baş verir. Buna baxmayaraq, proses yenə də azalmır. Dünya təcrübəsinə əsasən demək olar ki, mübahisələrin məhkəmədən kənar həlli də mövcuddur. İlk növbədə bu, tərəflərin hansısa formada razılığa gəlməsi və barışdırılması yolu ilə mümkündür. Hesab edirəm ki, cənab prezident tərəfindən Milli Məclisə daxil olmuş “Mediasiya haqqında” qanun layihəsi çox fundamental sənəddir. Ölkədə həm məhkəmə-hüquq, həm də müəyyən mənada iqtisadi islahatlarla bağlıdır.

Eyni zamanda, bu sənəd bir sıra iqtisadi münasibətlərə də təsir edir. Qeyd edim ki, ilk növbədə mediator, yaxud da, mediasiya təşkilatı hüquqi şəxsdir. Hüquqi şəxsdirsə, müəyyən fəaliyyət növü, yeni iş yeri deməkdir.

- “Mediasiya haqqında” qanun layihəsindən danışarkən bir çox sahələri əhatə etdiyini vurğuladınız. Maraqlıdır, bəs mediatorlar kim olacaq? İndiyə qədər məhkəmələrin həyata keçirdiyi işləri kim həyata keçirəcək?

- Qeyd edim ki, bir çox ölkələrin təcrübəsi öyrənilib. Ona görə də müxtəlif təcrübələrin mövcud olduğunu söyləmək olar. Müzakirələr zamanı millət vəkillərinin yanaşması bu cür oldu ki, mediatorlar hüquqşünaslar olsun. Elə dünya təcrübələri mövcuddur ki, mübahisəni həll edən mediator hüquqşünas olmaya da bilər. Elə məsələlər ola bilər ki, orada daha çox iqtisadi biliklər əsas götürülsün. Bu zaman mediator biliklərdən daha çox vasitəçilik, barışdırıcı bacarığa və şəxsi nüfuza malik olmalıdır.

- Bəs mediator hansı kriteriyalara sahib olmalıdır?

- Mediatorun fəaliyyəti ilə bağlı təqdim olunmuş qanunda göstərilir ki, tərəflərin 25 yaşı tamam olmalı, 3 illik iş təcrübəsi və ali təhsilinin olması vacib faktordur.

- O zaman mediatorun sadaladığınız kriteriyalara sahib olması önəmlidirmi?

- Deməzdim ki, önəmlidir.

- Bəs qanunda mediator üçün vacib olan nədir?

- Vacib olan məqam odur ki, bu fəaliyyətlə məşğul olan şəxsə inam olsun. Nümunə üçün deyək ki, iki vətəndaş, yaxud da iki hüquqi şəxs mediatora müraciət edərkən tərəflər arasında müqavilə imzalanır və mediatordan məsələnin həll edilməsi xahiş edilir. Bu zaman həmin şirkət rəhbərlərinin inamının olması vacibdir. Bu inamın formalaşmasından ötrü müəyyən mexanizm mövcuddur. Nəticə etibarilə bu, mediatorların, yəni şirkətlərin üzərində özlərinin Mediasiya Şurası, bir üst qurumu olacaq. Müəyyən bir dövrdə uğurlu fəaliyyət göstərmiş, qərarlar qəbul etmiş, barışdırıcı qərarlara nail olmuş mediatorlar Mediasiya Şurasının üzvü olacaqlar. Hər bir mediatorla bağlı onların hüquq və vəzifələri, onlardan imtina etmək funksiyaları ilk baxışdan hakimlərin funksiyalarına oxşayır. Onu da vurğulayım ki, mediator hakim deyil. Eyni zamanda, dövlət orqanı da deyil.

- Sizcə, uzun illər inzibati orqanlara, məhkəmə sisteminə müraciət etmiş insanlar gəlib bir şirkətə dərdini deyə biləcəkmi?

- Bu baxımdan qanunun 28-ci maddəsi çox əhəmiyyətlidir. Maddədə belə bir müddəa var ki, iqtisadi, ailə və əmək mübahisələrindən irəli gələn məsələlərlə bağlı məhkəməyə müraciət etməmişdən öncə, mediasiyada iştirak etməlidir. Burada bir qədər məcburilik var. Bu qəbildən olan mübahisələrlə bağlı vətəndaş, yaxud da hüquqi şəxs ilk növbədə mediatorun üzərinə getməlidir. Birmənalı olaraq gələcəkdə Mediasiya İnstitutunun fəaliyyət göstərməyə başlayacağını demək olar. Əlbəttə, vətəndaş mediatorun qərarından, yaxud da, onların mübahisəsinin oradakı həllindən razı qalmaya bilər. Bu zaman məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Heç bir halda, məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilmərik. İnsanların məhkəməyə müraciət etmək hüququ var. Hər hansı boşanma, yaxud da mülkün bölünməsi məsələsi ilə bağlı məhkəməyə də müraciət edilə bilər. Sadəcə, qanunuverici orqan olaraq bu məsələləri ilkin razılaşma ilə həll etmək olar. Məhkəmələrdə də barışıq institutu mövcuddur. Təcrübə onu göstərir ki bir çox hallarda məhkəmə özü tərəfləri barışığa dəvət edərkən “qərar qəbul etmirəm, barışın. Ümumi nəticəyə gəlin” kimi fikirlər səsləndirir. Təcrübədə belə hallar mövcuddur. Bu halları tənzimləməklə, müəyyən sistem yaratmaqla genişləndirmək olar. Qanunun fəlsəfəsi də budur. Bu hallar bizim üçün yeni deyil. Onsuz da barışıq və razılaşma institutu mövcuddur. Sadəcə, bu işlərlə xüsusi məşğul olan şəxslər yoxdur. İndiki halda onunla da məhkəmə məşğul olur. Bu zaman vaxt itkisi yaranır. Prosessual müddətlər, işin təyin edilməsi, təxirə salınması kimi məsələlər ortaya çıxır. Müxtəlif məsələlərin bir arada olması isə işə keyfiyyətli yanaşmaq məsələsində problem yaradır. Bu halda isə xüsusi əhəmiyyət kəsb etməyən, yaxud da ilkin baxışda tərəflərin razılaşması ilə mümkün olan işlərə mediatorların baxması təklif olunur. Təbii, bir sıra ölkələrin təcrübəsi öyrənilib. Elə ölkələr var ki, mediatorların baxdığı işlər 25%, elələri də var ki, 40%-ə çatır. Məsələn, 25% minlərlə iş prosesi deməkdir. Bunlara məhkəmələrdə baxılmalı idi. Bu halda iş prosesinə mediasiya ilə məşğul olan hüquqi şəxs tərəfindən baxılır. Başqa dildə desək, şirkət formasında yaradılmış ilkin məhkəmə baxışıdır.

- Mediatorun vətəndaşlarla bağlı müsbət tərəflərini sadaladınız. Ancaq məhkəmə sistemi ilə bağlı müəyyən nöqsanlar aşkarlanır. Məhkəmələrin ədalətli, keyfiyyətli olması məsələsi çox aktualdır. Məhkəmə sistemində ədalətli qərarların verilməməsi, keyfiyyətli olmaması, ən əsası korrupsiyaya bulaşması halları ilə bağlı mübahisəli məqamlar mövcuddur. Bunlar necə tənzimlənəcək?

- Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edirsə, hakimə etiraz edib işinə başqa hakimin baxılması seçimi var. Bu halda vətəndaşın onlarla, yüzlərlə fəaliyyətgöstərən, müsbət imic qazanmış şirkətlərə, mediatorlara müraciət etmək hüququ yaranacaq. Bu, sağlam rəqabətin yaranması nəticəsində fəaliyyət göstərən qurumlardır. Məsələn, vətəndaş, yaxud da tərəflər yaranmış mübahisə ilə bağlı müraciət edirlər və müqavilə imzalanır. Təbii ki, narazı qalındığı halda, başqasına müraciət edilə bilər. Eyni zamanda, qanunvericilik imkan verir ki, vətəndaş məhkəməyə də müraciət etsin.

- Bir neçə gün bundan qabaq Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov işində verdiyi nöqsanlara görə həbs edilib. Ümumilikdə isə yanvar ayından bəri Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib. Bu faktlar barədə fikirlərinizi eşitmək maraqlı olardı.

- Əlbəttə ki belə hadisə hüquq ictimaiyyətini ciddi narahat edən haldır. Çünki hakim özü dövlətin adından qərar çıxarır. Özü cinayət törətmiş şəxslərlə bağlı həbs qərarı qəbul edir. Belə hal yüksək hakim adına ciddi xələl gətirir. Amma, hakimin korrupsiyaya qurşanana qədər artıq müəyyən bir qeyri-prosessual davranışı mövcud olur. Bunları vaxtında aşkarlayıb onları hakim peşəsindən kənarda saxlamaq lazımdır.

- Qanunda qeyd olunur ki, Mediasiyanın əhatə dairəsi genişdir. Bura mülki işlər, iqtisadi, əmək münasibətləri, inzibati cinayət işləri və inzibati xətalar haqqında işlər daxildir. Hüquqşünaslar arasında belə fikirlər səslənir ki, cinayət işlərinə mediatorların nəzarət etməsi doğru deyil və inamı azalda bilər. Siz bu barədə nə düşünürsünüz?

- Bir sıra ölkələrdə cinayət işləri də Mediasiyaya daxildir. Elə ölkələr var ki, cinayət və inzibati işlər bura aid edilməyib. Çünki burada cinayət təqibi ilə məşğul olan orqanlar, prosessual şəxslər, müstəntiqlər, onların hüquq və vəzifələri var. Bizim qanunvericilikdə “Cəza siyasətinin humanistləşməsi ilə bağlı qanun” var. Hansısa hallarda prosessual şəxs, müstəntiq, prokuror, yaxud da, hakim barışığa dəvət etməlidir. Eyni zamanda, hansısa hallarda bu sazişlər imzalanır. Mediasiya institutu cinayət qanunvericiliyimizdə də mövcuddur. Dediyiniz fikri hüquqşünaslar da səsləndirib və bu, birmənalı qəbul edilmir. Əlbəttə, bunu müzakirə edirik. Hələlik qanun layihəsində Mediasiya institutu ailə və mülki münasibətlərdən tutmuş, cinayət işləri və inzibati işlərə qədər geniş götürülüb.

- Hakimlərlə bağlı səslənən fikirlər heç də qənaətbəxş deyil. Bu sahə ilə bağlı köklü islahatlara ehtiyac varmı?

- Məhkəmə-hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurası yaradıldıqdan, hakimlər haqqında qanun layihəsi qəbul edildikdən sonra (2004-2005-ci ildən söhbət gedir) fundamental islahatlar başladı. Hakimlərin test yolu ilə işə qəbul edilməsi, saylarının kifayət qədər artırılması diqqət çəkən məqamlardır.

- Ancaq insanlarda hakim sevgisi formalaşmayıb.

- Yenə də vurğulamaq istəyirəm ki, cəmiyyətdə və əhali arasında məhkəməyə tam inamı formalaşdıra bilməmişik. Təbii, bu problem olaraq qalır. Bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Etiraf etməliyik ki, iş yükünün çoxluğu da işin keyfiyyətinə təsirsiz ötüşmür. Bu, birmənalıdır. Hətta, işinə ədalətlə, qanunla yanaşan, heç bir qeyri-professional marağı olmayan şəxs-hakim belə, iş yükü altında qüsurlara sahib ola bilər. “Mediasiya haqqında” qanun layihəsini məhkəmə-hüquq ictimaiyyəti də pozitiv qəbul edir. Elə işlər mövcuddur ki, onlar üçün xüsusi məhkəmə baxışı keçirməyə ehtiyac yoxdur. Hakimiyyətin bir qolu, dövlət orqanı kimi məhkəmənin, bu prosesin və dövlətin adından bu qərarın çıxarılması prosesinə ehtiyac yoxdur. Cəmiyyətdə müxtəlif hallarda elə münasibətlər mövcuddur ki, onlar ilkin mərhələdə xüsusi peşəkar hazırlığı olmayan şəxslər tərəfindən də həllini tapa bilər. Beynəlxalq təcrübə də bunu göstərir. Hesab edirəm ki, bu, qanunun ilk növbədə məhkəmə sistemində iş yükünün azaldılmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu da məhkəmə-hüquq islahatları üçün müsbət haldır.

- Məhkəmə-hüquq sistemində nümayəndəlik institutunun ləğv edilməsinin yanlış olduğu düşünülür. Deputat həmkarlarınız da bu məsələyə etirazını bildirib. Bir növ vəkillərin sərbəst fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaracağı iddia olunur.

- Qanun layihəsini təqdim edərkən belə bir narahatlığın olduğunu xatırlayıram. Düşünürəm ki, məsələyə obyektiv yanaşsaq, daha doğru olar. Konstitusiyada qeyd olunub ki, dövlət peşəkar hüquqi müdafiəni təmin edir. Peşəkar hüquqi müdafiə, peşəkar təhsilli, müəyyən standartlara cavab verən hüquq müdafiəçisi, yaxud da vəkil deməkdir. İkincisi, vəkillik, məhkəmə prosesi və çəkişmə prinsipi əsasında baş verir. Məhkəmə prosesində bir tərəfdən ittiham edən, digər tərəfdən isə müdafiə edən üz-üzə gəlir. Bildiyiniz kimi, hər bir şəxs hüquqlarını müdafiə edən tərəfin ali təhsilli, müəyyən mərhələdən keçmiş, ixtisaslaşmış qurumun üzvü olan peşəkar şəxs olmasını istəyir. Çünki ittiham tərəfində dayanan şəxs peşəkardır. Test imtahanı verərək yüksək bal toplayıb, qanunvericiliyi bilir. Bu baxımdan vətəndaşlar da hüquqlarının peşəkar vəkillər tərəfindən qorumasında maraqlıdırlar. Vəkillərin sayının az olması məsələsi də zaman-zaman gündəmdə olub. Bu iradları qəbul edirik. Ona görə də qanuni nümayəndəlik ləğv olunarkən elə bir sistem yaratmaq lazımdır ki, vəkilliyin sayı çoxalsın. Bununla bağlı, son zamanlar Vəkillər Kollegiyası və onun rəhbəri tərəfindən ciddi işlər görülür. Cənab prezident tərəfindən müvafiq fərman oldu. Regionlarda Vəkillər Kollegiyasının bölmələri yaradıldı. Test imtahanı keçirildi. Qısa zaman kəsiyində vəkillərin sayı 2 dəfə artdı. Düşünürəm ki, bu, yenə də qənaətbəxş deyil. Elə etmək lazımdır ki, hər on min nəfərə düşən vəkilin sayına görə ölkəmiz ön sırada olsun. Hazırda bu, yaxşı rəqəm deyil. Problem olsa da, irəliləyiş də mövcuddur. “Vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik oldu. İmtahan verməklə bağlı məsələ bir qədər liberallaşdırıldı. Qeyd edildi ki, imtahandan uğursuz nəticə əldə edən şəxs yenidən imtahana qatıla bilər. Gələcəkdə də “Vəkillik haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Başa düşürük ki, burada liberal olmaq lazımdır. Eyni zamanda, xüsusi vurğulamaq istərdim ki, heç zaman vəkilə ikinci, yaxud da üçüncü dərəcəli hüquqşünas kimi baxmaq olmaz. Məhkəmə prosesində o, tərəfdir, yaxud da tərəfi müdafiə edəndir. Peşəkar şəxs olmalıdır ki, digər tərəflə çəkişmə nəticəsində hakimi inandıra bilsin və qərarlar qəbul olunsun. Vəkillərin sayı ilə bağlı cəmiyyətin iradını və narahatlığını qəbul edirik. Hazırda vəkillərin sayının çoxalması ilə bağlı tədbirlər görülür. Bir müşahidəmi deyə bilərəm ki, vəkillərin sonuncu imtahan prosesindən sonra onların andiçmə mərasimində iştirak etmişdim. Təqdirəlayiq haldır ki, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarında çalışmış gənc insanlar vəkillik fəaliyyətini seçirdilər. Statistika göstərir ki, əvvəl dövlət qulluğunda çalışıb. İndi isə vəkillik sahəsini seçir. Vəkillik hüquq sahəsində ən çox gələcəyi olan peşəyə çevrilməkdədir. Müəyyən zaman gələcək ki, xaricdə olduğu kimi, bahalı fəaliyyət növünə çevriləcək.

AzNews.az