Bəzi qüvvələr böhtanla inkişafa kölgə salır

Lakin Azərbaycan vətəndaşları bu cür cəhdlərə inanmır.

Bir neçə gün bundan öncə bütün dünyanın izlədiyi “Formula 1” yarışına ev sahibliyi etdik. Bu ayın sonu isə UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Bu mötəbər yarışların Bakıda keçirilməsi təsadüfi deyil.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib.

Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini vurğulayan Ə.Əhmədov dünyanın ən möhtəşəm idman tədbirlərinin Bakı şəhərində keçirildiyini söyləyib.

Onun sözlərinə görə, əgər Azərbaycanın paytaxtı və bütövlükdə ölkəmiz inkişaf etməsəydi, belə əzəmətli tədbirlərin keçirilməsi üçün infrastruktur olmasaydı, bu tədbirlərin harda keçirilməsi sualı ortaya çıxanda Bakı şəhəri heç kimin yadına düşməzdi: "Azərbaycanda bəzi az sayda qüvvələr var ki, böhtan, yalan, iftira ilə inkişafa kölgə salmağa çalışırlar. Lakin Azərbaycan vətəndaşları bu cür cəhdlərə inanmır. Çünki insanın öz gözü ilə gördüyünü nə qədər təhrif etməyə çalışsan da, bunun bir nəticəsi olmayacaq. Azərbaycan gözlərimizin önündə ən azı son 15 ildə nə qədər dəyişib. Dünyanın aparıcı televiziya kanalları ölkəmiz haqqında tez-tez süjetlər verirlər. Bu gün insanların da həyatı və düşüncələri dəyişir. Ölkəmiz müasirləşdikcə insanlarımız da müasirləşir. Bütün bunların fonunda kimlərinsə Azərbaycanın reallıqlarını təhrif etməyə çalışması, böhtan atması bir vətəndaş olaraq hamımızın qəlbini incidir”. (Trend)