Heydər Əliyevin ürəyi xalqımızın xoşbəxtliyi üçün çırpınıb – Zakir Göyüşlü

O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirib

Mən çox xoşbəxtəm ki, bizim üzərimizə, şəxsən mənim üzərimə bu gün Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, inkişaf etdirmək və xalqımızın gələcək nəsillərinə xoşbəxt, firavan, sülh şəraitində olan bir həyat yaratmaq üçün belə bir missiya düşübdür.

Heydər ƏLİYEV, Ümummilli lider

***

  • Müstəqilliyimizin strategiyası

Ulu öndər Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən mükəmməl irs, siyasi məktəb miras qoymuşdur. Azərbaycan xalqının müstəqillik, milli həmrəylik mübarizəsi tarixində ümummilli liderin böyük rolu olmuşdur. Dövlətçiliyimizin əbədi müstəqillik strategiyasının təməli də 1993-cü ildə ölkədə hərc-mərcliyi aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün xalq tərəfindən hakimiyyətə təkidlə dəvət edilən ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndər öz xalqına sədaqətini ­1969-1982-ci illərdə daha geniş şəkildə nümayiş etdirərək, Azərbaycanda çox mühüm əhəmiyyətli sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin tikilməsində, nəqliyyatın, rabitənin inkişafında, xalqımızın dünya miqyasında tanınmasında və gənclərin respublikadan kənarda təhsil almalarında əvəzsiz işlər görmüşdür.

Dahi şəxsiyyət tərəfindən 1993-cü ildən başlayaraq ölkədə ictimai-siyasi sabitlik yaradıldı, silahlı qruplaşmalar ləğv edildi və ordu quruculuğu diqqət mərkəzində saxlanıldı. Müstəqil dövlət kimi yeni ictimai-siyasi sistemə və bazar münasibətlərinə keçidlə əlaqədar həmin dövrə qədər tənəzzüldə olan iqtisadiyyatın dinamik inkişafı təmin olundu, bir sıra əhəmiyyətli iqtisadi qanunların qəbulu prosesinə başlanıldı.Torpaq islahatı aparıldı və özəlləşdirmə proqramı uğurla həyata keçirildi.

Çətin bir geosiyasi şəraitdə 15 ölkənin 33 neft şirkəti ilə imzalanan 18 müqavilə ölkəmizin gələcək inkişafına böyük təsir göstərdi. Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri möhkəmləndirildi və xarici investisiyaların respublikamıza axını üçün əlverişli imkanlar yaradıldı. Yeri gəlmişkən, İstanbul sammitində Bakı-Tbilisi-Ceyhan neft və Transxəzər qaz kəmərlərinin çəkilməsinə dair imzalanmış müqavilələr dövlətçiliyimizin müstəqillik strategiyasında mühüm yer tutan parlaq səhifələrindən biridir.

Cəbhə-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə iqtisadiyyatı inflyasiya məngənəsində boğulurdu. İsa Qəmbər 1998-ci il dekabrın 15-də “Yeni Müsavat” qəzetinə müsahibəsində özünün təmsil olunduğu hakimiyyətin həmin kəmərin İranın şimalından keçməsinə üstünlük verməsi barədə ümumi rəyin formalaşdığını demişdir: “Bu istiqamətdə işçi qruplar yaradılmış, araşdırma və dəqiqləşdirmə aparılmışdı. Müsavat Partiyasının və Demokratik Konqresin əsas ixrac kəməri marşrutunun İran variantını müdafiə edən bəyanat da bu mövqeyin bir daha təsdiqi kimi qiymətləndirilirdi”. Həmin qəzetin 1999-cu il 20 noyabr tarixli sayında isə müsavatçı S.Əkbər “İran variantı milli hakimiyyətin mövqeyi idi” fikrini bildirmişdi. Bax, belə bir ağır geosiyasi şəraitdə Azərbaycanın gələcəyi və müstəqilliyimizin əbədiliyi naminə ulu öndər Heydər Əliyev Bakı-Ceyhan müqaviləsinin imzalanmasına nail oldu. Xalqımızın milli mənafelərinə zidd olan Cəbhə-Müsavat variantı iflasa uğradı. Ümummilli liderin uzaqgörən, düşünülmüş neft strategiyası uğurla həyata keçirildi, dövlətimizin inkişafı və təhlükəsizliyi, həmçinin xalqımızın sosial rifahi üçün mühüm baza formalaşdırıldı.

Ümummilli lider Heydər Əliyev tərəfindən tarixi İpək yolunun bərpası ilə əlaqədar çox mühüm işlər görülmüşdür. 1998-ci il sentyabrın 8-də 32 ölkənin və 15 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdikləri qədim İpək yolunun bərpasına dair TRASECA proqramının nəqliyyat kommunikasiyalarına həsr olunmuş konfransda bununla bağlı Heydər Əliyev demişdir: “Tarixi İpək Yolunun bərpası yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi, xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir”.

Azərbaycan cəmiyyətində hüquqi dövlət quruculuğu sahəsində ilk mühüm addım 1995-ci ildə ulu öndərin rəhbərliyi altında müstəqil dövlətimizin Konstitusiyasının qəbul edilməsi oldu. Əsas Qanunda hakimiyyətin bölgü prinsipi, insan hüquq və azadlıqların təmin edilməsi, şəxsiyyət azadlığı və toxunulmazlığı, məhkəmə hakimiyyətinin formalaşdırılması və demokratik cəmiyyətdə vətəndaş amilinin qorunması istiqamətləri öz əksini tapmış, bu strateji məqsəd isə hüquqi islahatların aparılmasına təkan vermişdir. Dövlətlə vətəndaş arasındakı münasibətlərdə qanunun aliliyinə xidmət edən “Mülki”, “Cinayət”, “Cinayət-Prosessual”, “Gömrük”, “Əmək” məcəllələri, “Prokurorluq”, “Notariat”, “Terrorizmə qarşı mübarizə”, “Əməliyyat-axtarış fəaliyyəti”, “Polis”, “Dövlət məhkəmə ekspetizası fəaliyyəti”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Konstitusiya Məhkəməsi”, “Məhkəmələr və hakimlər”, “Gömrük orqanlarında xidmət”, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunlar qüvvəyə minmişdir.
Ulu öndərimiz tərəfindən 1996-cı il iyulun 18-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” imzalanmış sərəncamlar və həyata keçirilən hüquqi islahatlar dövlətimizin Avropa Şurasına üzvlüyünü təmin etmişdir.

Milli dövlət strategiyasının əsas istiqamətlərindən biri də elm və təhsil siyasətidir. Xatırladaq ki, 1999-cu il iyunun 15-də Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahatlar Proqramı”nın təsdiq edilməsi təhsil sahəsində əlamətdar hadisə olmuşdur. Ölkə rəhbərinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı sərəncamlar və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qəbul edilən qanun da bu sahənin inkişafını sürətləndirmişdir.

Azərbaycan xalqının müstəqillik, milli həmrəylik mübarizəsi tarixində fenomen şəxsiyyət Heydər Əliyevin böyük rolu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu strategiya böyük peşəkarlıq, yeni təfəkkür və müasir ­yanaşma tərzi ilə uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xətti dövlət müstəqilliyimiz və xalqa layiqli xidmət prinsipidir. Bu barədə möhtərəm dövlət başçımız demişdir: “Azərbaycan Respublikasının Prezidenti kimi mən gələcək fəaliyyətimdə də Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu siyasətin əsas prioritetlərini Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi,ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycanın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə daha çox inteqrasiya olunması təşkil edir”.

Sonda fikrimi yekunlaşdırıb demək istərdim ki, tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb. Yalnız Vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxtliyi üçün çırpınıb. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqı bir çox bəlalardan hifz edə bilib. (http://xalqqazeti.com/az/news/22488)

Zakir GÖYÜŞLÜ,
texnika elmləri üzrə fəlsəfə doktoru