Niyaməddin Orduxanlı abortdan danışdı - "Genefondumuzu məhv edirlər"

“Bunu edən həkimlər cinayətkarlardır. Onlara ən ağır cəza verilməklə yanaşı, həkimlik fəaliyyəti də ləğv edilməlidir. Təcili bunun qarşısı alınmalıdır“

Xəbər verildiyi kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb" məzmunlu açıqlama yayıb:

"Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq".

Mövzu ilə bağlı BAXCP sədrinin müavini, ictimai fəal, QHT sədri Niyaməddin Orduxanlı AzNews.az-a danışaraq kəskin narahatçılığını bildirib.

O, Dövlət Komitəsinin rəsmilərinin bu açıqlamasından dərhal sonra özünün Facebook səhifəsində ictimai müzakirə açdığını deyib:

"Mənim səhifəmdə on minlərlə izləyici var. İki gündür Dövlət Komitəsinin qız uşaqlarının kəskin azalması xəbəri ilə bağlı yazdığım status geniş müzakirə edilir. Ciddi narahatçılığımı yazmışam. Bu hadisəni sükutla qarşılamaq olmaz! Və bunun qarşısının alınması üçün qanunvericilikdə ciddi dəyişikliklərin olunmasını və qız övladlarımızı məhv edən həkimlərə ən ağır cəzanı verməklə yanaşı onların həkimlik fəaliyyətinin qanunla ləğv edilməsini təklif etmişəm. Hətta bu məsələdə həkimlərlə cinayətə girən valideynlər də cinayətə cəlb edilməlidir. Bilirsiniz, on minlərlə qız övladlarımızın məhv edilməsi üçün bir dövlət olaraq nə deməkdir?!

21-ci əsrdə bunun baş verməsi çox dəhşətli faktdır. Biz mütləq şəkildə bunun qarşısının alınması üçün müvafiq addımlar atmalıyıq. Bunlar tək özlərinə deyil, dövlətə və xalqımıza ciddi ziyan vururlar. Genefondumuzu məhv edirlər. Hətta statusumda yazmışam ki, bir müddətdən sonra oğlan övladlarını arzulayan valideynlər fikirləşmir ki, bunu hansı ana dünyaya gətirəcək?! Bu cür cahilliyin qarşısı qəti şəkildə alınmalıdır. Düzdür, yüzə yaxın həkimlik peşəsi ilə məşğul olan şəxslər mənim fikirlərimi dəstəklədilər. Ancaq bütün cəmiyyət bu məsələyə diqqət ayırmalıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri təşəbbüs qaldırmalıdır! Niyə susursunuz?!

QHT rəhbərləri susmamalıdır! Ziyalılar, siyasətçilər, deputatlar bu məsələdə öz mövqelərini nümayiş etdirməlidirlər. Düşünürəm ki, bunun qarşısının alınması üçün Milli Məclisdə qanuna əlavə və dəyişikliklər olmalıdır. Təbii ki, həkim müdaxiləsinin qaçılmaz olduğundan söhbət getmir. Əvvəlcədən gələcək övladının cinsinin qız olduğunu bilib və bu səbəbdən həkim-cəlladla pulun müqabilində bu cinayəti törədən şəxslərlə bağlı çox sərt qanun qəbul edilməlidir!".

AzNews.az