Anti-milli ünsürün ləyaqət anlayışı olmur - Aydın Quliyev

Erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar

"Azərbaycan prezidentinin Brusseldə mühüm görüşlər keçirdiyi bir vaxtda Azərbaycandan olan bir neçə mühacirin keçirdiyi aksiyalara baxanda gözümüzün önündə böyük bir təkərin altında qalmaqdan canını qurtarmaq istəyən şəxslərin hərəkətləri canlanır. Azərbaycan böyük sürətlə irəlilədiyi halda bu cür adamlar hələ də keçmişdə qalmış və heç bir təsiri olmayan mübarizə üsulları ilə ortalıqda atılıb-düşməkdə davam edirlər".

Bunu mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün Azərbaycan əleyhinə aksiya keçirməsini AzNews.az-a şərh edərkən "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev dedi.

Onun sözlərinə görə, Avropada, xüsusilə radikal anti-milli ünsürlərin toplaşdığı düşərgədə çox böyük ixtisarlar gedir. Onların sıraları yavaş-yavaş seyrəlir:

"Diqqətlə fikir versək, görərik ki, bu şəxslərin əksəriyyəti belə “mübarizə”nin mənasız olduğunu artıq anlayır, geri çəkilir. Belə bir təəssürat yaranır ki, bir neçə nəfər söyüş söyən və məğlubiyyətini etiraf etmək istəməyən ünsür qalıb. Prosesin əsl mahiyyəti budur. Ona görə də bunlara o qədər də əhəmiyyət vermək lazım deyil. Ən əsası da bu şəxslərin arxasında kimlərin olduğunu, haradan idarə edildiklərini artıq hər kəs bilir. Belə adamların ermənipərəstlərə, ermənilərə yaxın olan maliyyə və siyasi mərkəzlərin əlində idarə olunduğuna indi heç bir şübhə yoxdur. Nə yazıq ki, onların özləri bunu anlamırlar, bəlkə də anlayırlar, ancaq bu oyunlara çox həvəslə gedirlər. Çünki həmin oyunların nəticəsində onlar sadəcə olaraq Avropada mövcud olmaq və yaşamaq üçün vəsait əldə edirlər. Onlar milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Ona görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar".

A.Quliyev vurğuladı ki, Avropadakı həmin 3-4 nəfər qaraguruhçu Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə vətənə xəyanət yolu tutduqlarını bir daha nümayiş etdirdilər.

Elgün
AzNews.az