Millət vəkili MM-də kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb Millət vəkili MM-də kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb
  • Tribuna
  • 17 May 2019 17:36
  •  2 950

Kəndlərdə uşaq bağçaları çatışmır - Qənirə Paşayeva

Millət vəkili MM-də kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Millət vəkili Qənirə Paşayeva MM-in bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələrinin nəzərdə tutulmasına etirazını bildirib.

AzNews.az xəbər verir ki, o, bununla bağlı həmkarlarının fikirlərini dəstəklədiyini deyib və 32-1 bəndinin, yəni yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılması ilə bağlı təklifləri dəstəkləyib.

"Bu rüsumlar sahibkarlardan çox vətəndaşın cibindən çıxarılmağa başlanacaq, bu isə insanlarımız arasında narazılığa gətirib çıxaracaq. Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn çox saylı sosial proqramlar, layihələr keçirilir ki, insanlarımızın həyat səviyyəsinə müsbət təsiri olsun. Belə bir şəraitdə bu səviyyədə rüsumlar doğru qəbul edilə bilməz. Mən kənd rayonlarından birini təmsil edirəm. Məsələn, rayonda, kəndlərdə uşaq bağçaları çatışmır. Dövlət bağçalarının səviyyəsi də o qədər də yaxşı deyil. Bağçaların bəziləri təmir olunsa da, təmir və şəraitin yaxşılaşmasını gözləyən bağçaların sayı çoxdur. Biz bir sıra təşkilatlara, xeyriyyəçi şəxslərə müraciət edirik ki, bağçalara dəstək olsunlar. İş adamlarına çağırış edirik ki, rayonlarda, kəndlərdə özəl uşaq bağçaları açsınlar. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələri olmadan belə bölgələrdə özəl bağçaların açılması çox zəifdir, indi belə bir rüsumlar olarsa, bu, tamamilə zəifləyəcək, rayonlarda, kəndlərdə özəl bağçalar, peşə müəssisələri açmaqda sahibkarlar maraqlı olmayacaqlar. Bu rüsumlardan sonra kim gedib rayonlarda, kəndlərdə bağçalar açacaq? Rentabelli deyil deyəcəklər. Cənab Prezidentin yürütdüyü siyasət ondan ibarətdir ki, bölgələrimizdə, rayonlarda məktəbəqədər özəl müəssisələr açılsın, sayı daha da artsın və dövlətin bu sahədəki yükü bir az azalsın. Amma bu şərtlərdən, bu rüsumlardan sonra sahibkarların bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrini açmalarını gözləmək çox çətin olacaq. Əgər indi rüsumlar olmadan bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrin açılması prosesi çox zəif gedirsə, rüsumlar olandan sonra bu sahədə hər hansı irəliləyişi düşünmək belə mümkün deyil. Layihədə göstərilən rəqəmlər çox yüksəkdir və bu rüsumlar Bakıdakı bəzi özəl bağçaların qiymətlərinə əsaslanaraq deyil, bütün respublika, rayonların vəziyyəti nəzərə alınaraq təyin olunmalıdır."

Millət vəkili Q.Paşayeva çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə də toxunub:

"Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. Onlar millət vəkili olaraq bu məsələnin Milli Məclisdə qaldırmağımızı və müvafiq qurumlara bu məsələnin yaxın zamanlarda həll etməyə çağırmağımızı xahiş edirlər. Müvafiq qurumlarımıza yaxın zamanlarda minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapa biləcək".

AzNews.az