Murdarlığın, idbarlığın kubusan, Aslan İsmayılov!

(Allahın Allahverdiyə vermədiyi, nəsib etmədiyi əxlaq barədə)

Həyatda heç sevmədiyim işlərdən biri yazılarımda ən elementar məsələlər barədə məlumatlar çatdırmaqdır. Madam bir adam qəzet oxuyur, internetə daxil olur, saytları açır və həvadislərlə maraqlanırsa, deməli, mədəni varlıqdır, bəlli bir təhsilə, intellektual bazaya malikdir. Bu cür insanlara ən elementar məsələlər haqqında moizə oxumağı hər zaman artıq hesab etmişəm. Amma gərək bağışlayasınız, yenə eyni vəziyyətdə, bənzər durumdayam. Həm də bu dəfə əxlaqdan danışacam, mənəviyyatdan bəhs edəcəm bir qədər.

İnsan öz təbiəti ilə siyasidir, bir dövlətdə yaşamaq onun mahiyyətinə ən uyğun olan həyat tərzidir. Söhbət normal insanlardan gedir. Çünki dövlət şəriklik, ortaqlıq, birgəyaşayış hüququ və dəyərləri üzərində inşa edilmiş sosial-siyasi təsisatdır. Dövləti idarə edənlərlə dövlətdə idarə olunanlar arasında qanun və əxlaq bağları mövcuddur. İdarəçiləri tənqid etmək, onların səhvlərini, yanlışlarını göstərmək, iqtidarları dəyişməyə çalışmaq normaldır, qanun və əxlaq normaları içərisindədir. Ancaq bu normaları aşan, ərdəmlikdən kənara çıxan istənilən cəhd son nəticədə hakimiyyətə deyil, dövlətə, millətə, topluma zərbə səciyyəsi daşıyır. Əgər Aristotelə müraicət etsək, o, bütün bunları daha sərrast, daha rəvan izah edəcək. Hər birimizə başa salacaq ki, cəmiyyətdəki bütün insanlar eyni dərəcdə əxlaqa malik olmurlar, ancaq bunun özü də təhlükəli deyil. Bir dövlət idarəçisindən gözlənən əxlaq, ədalət, cəsarət və bu sayaq keyfiyyətlərin bir pinəçidə də maksimum olmaması qəbahət deyil. Ancaq istər idarəçi olsun, istərsə də idarə olunan, bir cəmiyyəti, bir xalqı, bir dövləti ayaqda saxlayan, güclü qılan vətəndaşların şəxsi ləyaqətidir.

Kimsə özünü dövlət içərisində görə, tapa, aktuallaşdıra və reallaşdıra bilmirsə, bunun iki başı var: ya o insan Tanrıdır, fövqəlgücdür, heç bir təhlükəsizliyə, haqq və hüquqa, maddı və mənəvi dəstəyə ehtiyacı olmayan ilahi substansiyadır; ya da insandan daha aşağı, məqsədi, məramı, dəyərləri, ülviyyəti olmayan bir canlıdır, sadəcə. İkinci tip canlıların Azərbaycandakı tipik örnəyi “Aslan İsmayılov” kod adlı Allahverdidir.

Bu Allahverdi Azərbaycan hakimiyyətinin ayrı-ayrı məmurlarına, siyasi səhnədəki müxtəlif isimlərə, cəmiyyətin gözü önündə olan simalarına, mediamızdakı tanınmış imzalara qarşı çıxışlar edəndə, onlara səhv tutanda, ağıl öyrədəndə, yol göstərəndə doğrusu, ciddiyə almıram.

Bu Allahverdi özünü müxtəlif sahələrin dərin bilicisi kimi göstərib, gah hüquq, gah media eksperti kimi çıxış edəndə, tibbdən, səhiyyədən başlayıb inşaat mühəndisinə dönəndə, döngədə də dinc dayanmayıb ekoloq, zooloq, folklorşünas, konfiliktoloq, diplomat, şahmat ustası, hətta elmi-lədun bilicisi qismində təqdim edəndə “dad yarımçıq əlindən” deyib gülürəm.

Nə gizlədim, başa düşürəm onu. Başa düşürəm ki, uşaqlıqda ögey ata qapazı altında aldığı travmalar onu həmişə özünü öz gözündə böyütməyə sövq edib, sınmış, darmadağın olmuş eqosunu bərpa etmək, hamarlamaq üçün həmişə yüksək mövqelərə can atıb, yüksəkdə olan insanları gözü götürməyib, gözü götürmədiyi insanlara qarşı infantil cığallıq və kin sərgiləyərək sərvətini artırmaq üçün hər yola əl atıb. Ancaq bu yollar heç bir halda əxlaqa, mənəviyyata, ləyaqətə söykənməyib.

Əbu Hamid Əl-Qəzzalinin iki gözəl kəlamı var.

Birində deyir ki, günahkarın leşdən daha pis iyləndiyini və murdarlığın başqasını təmizləməyəcəyini bilmirsənmi? Üfunət yaydığın halda, başqasını təmizləməyə necə cəsarət edə bilərsən?

İkinci kəlamı da Allahverdi ilə bağlı tam yerinə düşür: “Yazıqlar olsun sənə, özün rəzalətdən yoğrulmuşkən, başqalarına fəzilət öyrədirsən”?

Bəli, Allahverdinin özünü tərifləməsini ciddiyə almamaq, ağıl verməsini gülüşlə qarşılamaq olar, amma, Qəzalinin təbirincə desək, onun kimi murdarlığın bilavəsitə nüvəsi olan birinin əxlaqdan, mənəviyyatdan, ləyaqətdən dəm vurması hiddət doğurur. Bu sözlərim üçün istənilən məhkəmə, istənilən hakim qarşısında məsuliyyət daşımağa hazıram. Çünki əxlaq, mənəviyyat, ləyaqət davranışlara bağlıdır, ağıla, savada, əqidəyə əsaslanır, insanın həm özünü, həm də yaşadığı cəmiyyəti nizama salmaq üçün yararlandığı prinsiplərin cəmidir.

Tay-tuşları Azərbaycanın istiqlalı uğrunda mübarizə apardığı, həyatlarını, təhsillərini, karyeralarını təhlükəyə atıb totalitar rejimə qarşı çıxanda, Allahverdinin ölkəməzə imperiya nökəri kimi qayıtmasına, qayıdıb da “Sumqayıt hadisə”lərinin məhkəməsində soydaşlarımıza ölüm hökmü tələb etməsinə əxlaqsızlıq və murdarlıq deməyəcəyik də, nə deyəcəyik?

Elçibəy hakimiyyətinin süquta uğradığı, eks prezidentin bütün komandasının istefa verdiyi, vəzifələrindən çəkildiyi, siyasi müxalifətə keçdiyi bir ərəfədə “mən cəmi bir həftədir Prezident Aparatında işləyirəm, xalq hərəkatının da iştirakçısı olmamışam, Elçibəylə mənəvi, siyasi bağım yoxdur” anlamına gələn cümlələr sərf edərək hakimiyyətə yeni gələn qüvvələrə yarınmaq, yaltaqlıq, nankorluq və xəyanət bahasına kreslosunu qorumağa, mümkünsə səlahiyyətlərini genişləndirməyə çalışmağa “şərəfsizlik” deməli deyilmiyik sizcə?

Azərbaycanın rayonlarının işğal olunduğu, Surət Hüseynovların, Əlikram Hümbətovların müstəqilliyimizə qənim kəsildiyi, mərhum Heydər Əliyevin Azərbaycanı quzğunların caynağından xilas etmək üçün səmimi, dürüst, vicdanlı vətəndaşların dəstəyinə ən çox ehtiyac duyduğu 1993-cü ilin avqust günlərində parlament tribunasından özü haqqında ağ yalan danışan möhtəkir Aslan İsmayılov deyildimi?

Prezident Aparatından 15 dəqiqənin içində riyakarlığına görə qovulan, üzvü olduğu Ədalət və Demokrat partiyalarında “qapısnın itiyəm” dediyi İlyas İsmayılovu pul kisəsinə satan, Azərbaycanda keçirilmiş bütün parlament seçkilərində iştirak edən, səsvermədən öncə iqtidara yaxınlaşıb, məntəqələr qapandıqdan sonra asiliyə başlayan, millətə və dövlətə qarşı ən böyük xəyanət layihəsi olan Milli Şuranın sədri Cəmil Həsənliyə mitinqlərdə səs istədiyi halda, özünü əlaltdan prezident İlham Əliyevin təəssübkeşi kimi təqdim edən birinin bu qəbildən olan saysız-hesabsız əməllərini necə amoralizmin tipik təzahürləri saymamaq olar?

Erməni diasporunun nümayəndəsi, Cənubi Kaliforniya Universitetində təhsil aldığı müddətdə Erməni Tələbələr Cəmiyyətinə ldierlik etmiş, ABŞ-ın Los Anceles şəhərindəki erməni icmasının milli identifikasiyasını araşdırmış Kristina Puşau ilə ortaq layihələr gerçəkləşdirib Qarabağdan danışmaq, üç-beş sot ərazi zəbt etmək, qamarlamaq naminə Qarabağ qazisini özünü yandırmağa təhrik etmək və bütün bunlardan sonra vətəndən, dövlətdən, torpaqdan danışmaq üçün əxlaqsız olmaq, murdar olmaq, riyakar olmaq, şərəfsiz olmaq azdır, idbarın kubu olmalıdır insanlıqdan aşağı canlı.

Bilirəm, bu sərt üsluba görə, məni qınayanlar az olmayacaq. Bəribaşdan deyim, haqq verirəm. Bəli, bu ölkənin gerçəkdən ciddi problemləri var, şərhə, təhlilə ehtiyacı olan əhəmiyyətli gəlişmələr var, dövlət başçımızın və onun komandasının tərəqqi prosesində əldə etdiyi çox önəmli nailiyyətlər var. Bütün bunlardan deyil, vecsiz, abırsız və səviyyəsiz hansısa Allahverdidən yazmaq, vallah, qətiyyən ürəyimcə deyil, amma zehniyyatca və mənəviyyatca bu dövlətin dışında olanlara öz yerini göstərmək, gerçək adları çağırmaq hər birimizin vətəndaşlıq missiyasına daxildir. İsmət İnönü demiş, bir məmləkətdə namuslular namussuzlar qədər cəsur olmadıqca, o məmləkətin qurtuluşu yoxdur. İctimai-siyasi sfera Allahverdi kimi siyasi binamuslardan, şantaj və şər-şəbədə makinalarından təmizlənməlidir ki, ağıl, məntiq, bilik və təcrübə müzakirələrdə ön plana çıxsın. Siyasətin, ictmai maraqların, milli mənafelərin təməl daşları əxlaqdır, fədakarlıqdır, kübarlıqdır, kültür və intellektdir. Allahverdi isə bütün bunlara nəinki yad, hətta qarşı tipdir.

Taleh ŞAHSUVARLI