İlham Əliyevi müdafiə etməyin riskləri və heçə sayılan moratorium

Prezidentin köməkçiləri, jurnalist birliklərinin sədrləri niyə susur?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, parlamentin İnsan hüquqları komitəsi yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək.

Müşahidəçilər parlamentin komitə sədrinin APA-ya verdiyi açıqlamadan bir qədər ümidləniblər.

Bu ümidlər müxtəlif illərdə cəmiyyətin və parlamentin gündəminə gələn, lakin hər dəfə hakimiyyətin siyasi müqaviməti ilə qarşılaşan “Diffamasiya haqqında qanun”un nəhayət qəbul olunacağı, Cinayət Məcəlləsindən 147 və 148-ci maddələrin jurnalistlərə şamil olunmayacağı barədə gözləntiləri ehtiva edir.

Azərbaycan jurnalistlərin əksər hallarda heç bir təhqir və böhtan elementləri daşımayan yazılara görə, həbslə təhdid olunduğu bir ölkədir. Elə bu səbəbdən də ölkəmizin adı media azadlığı, fikir plüralizmi ilə bağlı beynəlxalq indekslər hazırlayan qurumların daim qara siyahısında yer alır.

Budur, beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı 2020-ci ildə dünyada söz və KİV azadlığının vəziyyətini qiymətləndirən "Dünyada mətbuat azadlığı indeksi"ni dərc edib.

Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib.

Turan agentliyi bu barədə yazır: “Azərbaycan ardıcıl olaraq bir neçə il əvvəl olduğu kimi, mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Ötən illə müqayisədə vəziyyət daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib”.

İş ondadır ki, bu cür hesablatlarda adətən prezident İlham Əliyev hədəf alınır, jurnalistlərə qarşı basqı və təzyiqlər məhz onun adı ilə bağlanır.

Amma Azərbaycanın öz reallığı var.

1995-ci ildən, yəni 18 yaşımdan etibarən jurnalistika sahəsində fəaliyyət göstərən, reportyorluqdan baş redaktorluğa qədər pillə-pillə karyara qazanmış bir qələm əhli olaraq qətiyyətlə deyirəm: bu ölkədə İlham Əliyevdən başqa heç kimi tənqid etmək olmaz!

Bəli, nə qədər ziddiyyətli və qəribə olsa da, bu ölkədə İlham Əliyevi tənqid etmək, üstəlik, ən sərt, kəskin ifadələrlə tənqid etmək daha rahat, daha təhlükəsiz, daha faydalıdır, nəinki müdafiə etmək, dəstəkləmək, təqdir etmək.

İlham Əliyevi tənqid edəndə, onun siyasətini yerdən-yerə vuranda, nə baş verir, daha doğrusu, son bir ildə nə baş verir, bilirsinizmi?

Jurnalist, bloqqer, ictimai fəal olur “demokratik adam” və o “demokratik adam”ı daxildən və xaricdən xeyli maraq qrupları qoruyur.

Bəzilərinə xaricdən qrantlar, bəzilərinə daxildən ianələr verilir, biznes qurmasına şərait yaradılır, “ziyalı” statusunda mötəbər tədbirlərə dəvət alır, kimsə sözünü yağ-balla kəsməyə belə cürət eləmir.

İlham Əliyevi müdafiə edənlərin, dəstəkləyənlərin isə başına gəlməyən iş qalmır.

Əvvəlcə, sənin dırnağının bildiyi qədər də olsun başına intellekt yığmamışlar adını “trol” qoyur.

Arxasınca, prezidentin sabiq köməkçisi “Əli Həsənovun sifarişi ilə demokratik düşüncəli insanları qaralamaqda” ittiham olunursan...

Lap sonra “təzələrin düşməni” elan olunur, maliyyə qaynaqların kəsilir, işçi qüvvən dağılır, işlədiyin müəssisə fəaliyyətini dayandırır, yaxud sən oradan çıxarılırsan, “neynim, necə edim” sualları qarşısında baş sındırarkən görürsən ki, ömründə İlham Əliyevin, hakimiyyətin lehinə bircə cümlə sərf etməmiş, dövlət başçısının sözləri ilə desək, iki eşşəyin arpasını bölə bilməyənlər yanından ən bahalı maşınlarda keçir...

Sən isə maşınının kreditini bağlaya bilmədiyin üçün dəyər-dəyməzinə satır, illərlə işsiz-gücsüz qalırsan, dövlət fəxri adlar paylayanda isə müraciətin it-bata salınır...

Səbəb isə odur ki, hakimiyyət son bir ildə bir siyasi komanda olaraq siyasi prosesləri, media mühitini və işini bilən peşəkar bir menecer çıxarda bilmir ortaya.

Bu cür menecerlər yoxmu Azərbaycanda, media sektorunda, hakimiyyətin kadr bankında?

Əlbəttə, var!

Gənci də, orta yaşlısı da, nisbətən ahılı da var.

Sadəcə, onları görən, təqdim edən yoxdur dövlət başçısına.

Odur ki, yerlər səhv düşür.

2013-cü ildə İlham Əliyevin prezident seçkilərində qələbə qazanması üçün əlindən gələni əsirgəməyənlər əzilir, işsizliyə, pulsuzluğa, aclığa tərk edilir, Rüstəm İbrahimbəyovun, Cəmil Həsənlinin dəstəkçiləri yuxarı başa keçirilir.

Son nəticədə İlham Əliyevin intellektual müdafiə xətti sıradan çıxarılır.

“Gözü çıxmış qardaş”ları görəndən sonra kim sinəsini verər qabağa?

İndi İlham Əliyevin reytinqinin ən yüksək çağıdır, hakimiyyət möhkəmdir, proseslər prezidentin nəzarəti altındadır, iraq olsun, sabah hər hansı səbəbdən hakimiyyət qeyri-populyar qərarlar verməli olsa, kim qoruyacaq, necə qoruyacaq iqtidarın maraqlarını?

Bir az da dərinə gedəndə görürsən ki, məsələ hakimiyyətin, bir siyasi lider olaraq İlham Əliyevin də maraqlarının ötəsinə varır, hədəfə alınan DÖVLƏTdir, MÜSTƏQİLLİKdir, QƏLƏBƏdir, GƏLƏCƏKdir.

ABŞ vətəndaşı, ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olmaqla erməni diasporunun təmsil etdiyi “kor-kor, gör-gör” olan Kristina Puşau adlı bir gözəlçə vardı. 2019-cu ildə oturmuşdu Gürcüstanın paytaxtı Tbilisidə, “Aslan İsmayılov” kod adlı Allahverdinin oğlu Ziyəddinə “koordinator” vəzifəsi verib layihələr həyata keçirirdi. Erməni diaspor fəalının Qafqazda layihələr həyata keçirməsi, həmin layihəyə “Aslan İsmayılov” kod adlı Allahverdinin oğlu Ziyəddinin əli ilə azərbaycanlıları cəlb etməsi dövlət maraqlarımız, milli təhlükəsizliyimiz baxımından narahat edici faktdır, ya deyil? Əgər kimin bu suala cavabı mənfidirsə, Kristina Puşaunun 2020-ci ilin may-avqust aylarında Tbilisini tərk edib Litvanın paytaxtı Vilnüsdə Belarusiya və Rusiyada iğtişaşlar törədən qruplara təlimlər keçməsini xatırlasın.

Bəli, erməni diasporunun dövlətimizə, müstəqilliyimizə, qələbəmizə sui-qəsdçi kimi Qafqaza göndərdiyi Kristina Puşaunu ifşa etmişəm, əvəzində məhkəmələrə çəkilirəm. “Aslan İsmayılov” kod adlı Allahverdi Cinayət Məcəlləsində 147 və 148-ci maddələrin olmasından yararlanıb öz ölkəmdə məni erməni diasporunun maraqları çərçivəsində təqibə, təzyiqə məruz qoyur, peşə fəaliyyətimə əngəl törədir. Heç bir təhqirdən, heç bir böhtandan söhbət gedə bilməz o məqalədə. Notarial qaydada təsdiq olunmuş linklər, fotolar, videolar ortada.

Mətbuat Şurasına səsləndim, “Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş peşə kodeksinin qorunmasına məsul qurumsunuz, ictimai dinləmə təşkil edin, gəlim, linklərə, fotolara, videolara birgə baxaq, rəy verin, məhkəməyə təqdim edim”,- dedim. Müsbət bir soraq çıxmadı.

Elçin Şıxlının, Airf Əliyevin, Müşfiq Ələsgərlinin, Seymur Verdizadənin rəhbərlik etdiyi qurumların cınqırı çıxmır. Nə var, nə var ilk ikisinin aldığı qrantları sorğulamışam, öz aləmlərində, prinsip aparırlar.

Prezidentin köməkçilərinə- Anar Ələkbərova, Fuad Ələsgərova müraciət edirəm, özlərini o yerə qoymurlar.

Məhkəmədə hakim Vüqar Məmmədovdan soruşuram ki, zabit kimi Vətən savaşında iştirak etdiyim günlərdə mənə çağırış göndərmisiniz, xeyir ola?

Cavabını olduğu kimi yazıram: “Bu barədə mənə arayış təqdim etməmisən axı...”

Sən demə, səngərdə, topun, minamyotun atəşi altında arayış hayına düşməliymişəm...

Qısacası, biabırçılıqdır!

Bu biabırçılığa yol verməmək üçün mərhum prezident Heydər Əliyev, daha sonra İlham Əliyev 147 və 148-ci maddələrlə xüsusi ittiham qaydasında verilən şikayətlərin məhkəmələr tərəfindən icraata götürülməsinə moratorium qoymuşdular.

Əks göstəriş yoxdur, amma məhkəmələr prezidentin tövsiyyəsinə məhəl qoymur.

Yenə sağ olsun Zahid Oruc, bu məsələni parlamentin gündəminə gətirməklə, sübut edir ki, prezident İlham Əliyevin sadiq tərəfdarlarındandır!

Taleh ŞAHSUVARLI