• Tribuna
  • 22 Noyabr 2023 15:00
  •  19 254

ZİRVƏYƏ QALXDI VƏ HƏR ZAMAN YÜKSƏKDƏ QALDI

Azərbaycan xalqının dahi ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış, bütün dünyaya dövlət dayanıqlığı və ictimai-siyasi, sosial-iqtisadi və mədəni tərəqqi nümunələri nümayiş etdirən müasir Azərbaycan Respublikası müasir mərhələdə özünün sivilizasiya təcəssümü apofeozuna çatmışdır.

Əlbəttə ki, dahi Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin hərtərəfli möhkəmləndirilməsi və dinamik inkişafı işinin ardıcıl davamçısı kimi, dünya miqyaslı görkəmli dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixə düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, Respublikanın istər sənaye, nəqliyyat-energetika, ticarət-iqtisadi, istərsə də hərbi-strateji və mədəni kontekstdə regional və planetar rolunun gücləndirilməsi istiqamətində həqiqətən də titanik fəaliyyətinin məntiqi nəticəsi olaraq, İlham Əliyevin müasir dövlət arxitekturası onun təşkilati, siyasi, intellektual dühası ilə həmahəngləşir.

Bu məqalədə onun daxili siyasətinin əsas prinsipləri üzərində retrospeksiya prizmasından dayanaraq, bu iki onillik ərzində Azərbaycan cəmiyyətinin sosial-iqtisadi vəziyyətinin əsas mərhələlərini xatırlatmaq məqsədəuyğundur.

Heydər Əliyev 1993-cü ildə Azərbaycan dövlətçiliyinin bərpası prosesinə başlayaraq, Azərbaycan cəmiyyətinin dayanıqlığını üzə çıxaran yeni ictimai-siyasi və sosial-iqtisadi inkişaf modelini aydın şəkildə formalaşdırmaqla, həyata keçirməyə başladı. Bu model ən qısa tarixi dövrdə dərin siyasi və sosial-iqtisadi böhranın nəticələrini aradan qaldırmağa və Azərbaycanı postsovet məkanında ən dinamik inkişaf edən respublikalar sırasına gətirməyə imkan verdi.

Sonunda, aparılan iqtisadi islahatlar nəticəsində Heydər Əliyev tərəfindən iqtisadiyyatın möhkəmliyinin və çevikliyinin əsası qoyuldu. İnflyasiya prosesi möhkəm şəkildə sabitləşdirilmiş, büdcənin doldurulması, xarici investisiyaların daxil olması, o cümlədən maliyyə-kredit problemlərinin həlli mexanizmləri tənzimlənmişdir.

Eyni zamanda, respublikanın bütün sənaye-istehsalat kompleksinin fəaliyyətinin davamlılığını və stabilliyini təmin etmək məqsədi ilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının üzərində durmaqla nəqliyyat-enerji layihələrinin, sənaye istehsalı proseslərinin gələcək inkişafı və təkmilləşdirilməsi nöqteyi-nəzərindən görüləsi işlər hələ çox idi.

2003-cü ildə Prezident İlham Əliyev Azərbaycan rəhbərliyinin sükanı arxasına keçərək, ümummilli lider Heydər Əliyevin cəmiyyətin daxili siyasi və iqtisadi vəziyyətinin yaxşılaşdırılması kursunu davam etdirdi və modernləşmiş iqtisadiyyat ideyalarını, onun gələcək inkişafı yolları və metodlarının diversifikasiyasını həyata keçirməyə başladı.

Bunun əsası ilkin olaraq Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı, həmçinin də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanı idi.

Ardınca İlham Əliyevin iqtisadi siyasətin təkmilləşdirilməsi istiqamətində tutduğu kursun gələcək qanunverici-hüquqi bazasının sistemli formalaşması başladı. 2005-2025-ci illəri əhatə edən “Neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsini nəzərdə tutan 2004-cü ildə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”; iqtisadi cəhətdən güclü cəmiyyətin qurulması üçün bütün resursların, xüsusən də əmək resurslarının səmərəli istifadəsini nəzərdə tutan “Azərbaycan Respublikasının məşğulluq strategiyasının (2006-2015-ci illər)” təsdiq edilməsi haqqında” 26 oktyabr 2005-ci il tarixli Sərəncam; çox sayda yeni iş yerlərinin açılmasına və müvafiq olaraq respublika əhalisinin rifahının yüksəlməsinə, cəmiyyətdə yoxsulluğun kəskin azalmasına səbəb olan 2009-cu ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Fərman və s. dərin elmi-praktik tədqiqatın bəhrəsi olmuşdur.

Artıq 2011-ci ildə 5,1 min yeni müəssisə və 72,4 min daimi iş yerinin açılması bunun əyani təsviri idi.

Respublika infrastrukturunun miqyası xeyli genişlənmişdir: regionlarda 18 yeni körpü və tunel inşa edilmiş, ümumilikdə 600 kilometrdən çox yol təmir edilmiş və tikilmişdir. Ölkənin elektrik enerjisi, qaz və istiliklə fasiləsiz təchizatı təmin edilmişdir. Azərbaycanda ilk dəfə olaraq Qobustan rayonunda hibrid tipli eksperimental poliqon tikilib istifadəyə verilmişdir.

Xalqın rifah səviyyəsinin yüksəldilməsi kontekstində 2011-ci il aprelin 8-də Prezident “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Fərman imzalamışdır ki, bunun da nəticəsində əhalinin ümumi məbləği 294,2 milyon manat təşkil edən borcu silinmişdir.

Əlavə olaraq, İlham Əliyevin iqtisadi siyasətinin geniş aspekti informasiya texnologiyalarının dinamik inkişafı tələbatı ilə müəyyən edilmişdir. Prezidentin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Respublikanın sosial siyasəti sahəsində vətəndaşlara göstərilən xidmətlərin asan formada həyata keçirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən “ASAN xidmət” mərkəzləri yaradılmışdır.

2012-ci il sentyabrın 5-də İlham Əliyev “ASAN xidmət” mərkəzlərində göstərilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsini nəzərdə tutan növbəti “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı imzaladı.

Respublika Prezidenti xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın neft strategiyasını şəffaf şəkildə davam etdirərək və kristallaşdıraraq, 2004-cü il fevralın 3-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə dair sənədlərin imzalanması mərasimini keçirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi 2006-cı il iyulun 13-də baş tutdu. Çox əlamətdardır ki, 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç və digər xarici nümayəndələr iştirak edirdilər, bu da Azərbaycanın və onun lideri İlham Əliyevin dünya neft, nəqliyyat-enerji siyasətində rolunun beynəlxalq səviyyədə tanınmasının bariz sübutu idi.

2017-ci il sentyabrın 17-də İlham Əliyevin iştirakı ilə “Yeni Əsrin Müqaviləsi” imzalanmışdır, məlumata görə, Azərbaycan və beynəlxalq neft şirkətləri konsorsiumu “Əsrin Müqaviləsi”nin uzadılması – 2050-ci ilə qədər Xəzərin Azərbaycan sektorunda üç neft yatağı - "Azəri", "Çıraq" və "Günəşli"nin birgə işlənməsi barədə razılığa gəlmişlər. Əvvəlki müqavilə 2024-cü ilə qədər qüvvədə idi. Yeni sazişdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz payını 11%-dən 25%-ə yüksəltdi.

Prezident İlham Əliyevin ölkəyə 20 illik rəhbərliyi dövründə aqrar istehsal sahəsində də hərtərəfli islahatlar aparılıb. Faktiki olaraq, onun ayıq rəhbərliyi altında yenidən yaradılmış, müasir qlobal texnoloji tərəqqinin bütün standartlarına cavab verən maddi-texniki baza Azərbaycan dövlətinin iqtisadi həyatının bu mühüm sahəsinin irəliləyən inkişafı üçün münbit, stabil zəmin yaratmışdır.

2003-2018-ci illərdə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi 6, bu sahəyə kapital qoyuluşu isə 21 dəfə artmışdır. Ölkədə 4 iri su anbarı (Taxtakərpü, Şəmkirçay, Göytəpə və Tovuzçay), 4 min km suvarma kanalı, 2,4 min km kollektor-drenaj şəbəkəsi tikilib bərpa edilmiş, 360 min hektar ərazinin su təchizatı, 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 219 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.

Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, taxılçılığın, ipəkçiliyin, üzümçülüyün, çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun və nar bağları sahələrinin genişləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti sərhəd tanımır. Məhz elə o, ölkədə aqrar-sənaye istehsalının gücləndirilməsi, vətəndaşların yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə fasiləsiz təmin edilməsində əsas hərəkətverici qüvvə rolunu oynamış, ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilati, maliyyə-ticarət, texnoloji və sənaye-istehsal miqyasına görə nəhəng fəaliyyəti, onun ölkəyə rəhbərlik etdiyi bütün dövr üçün xarakterik olan statistik göstəricilərin aydın şəkildə əks etdirdiyi kimi, təbii olaraq respublikanın iqtisadi çiçəklənmə dövrünə gətirib çıxardı. Beləliklə, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb ki, bu da göstərilən dövr ərzində dünya miqyasında ən yaxşı iqtisadi nailiyyətlərdən biri olub.

Qeyri-neft sektorunun ÜDM-i 3,4 dəfə yüksəlmiş, dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatı ötüb. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə adambaşına düşən ÜDM demək olar ki, 3 dəfə artaraq, 2022-ci ildə 13 min 256 manat təşkil etmişdir.

Ötən illər ərzində 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunel, 550-dən çox tibb müəssisəsi tikilmiş, və ya təmir edilmişdir.

Prezident İlham Əliyevin misilsiz parlaq sosial siyasəti son 20 ildə sosial sahəyə dövlət büdcəsinin illik xərclərini 20 dəfədən çox artırmağa imkan vermişdir. Məhz bu dövrdə minimum əmək haqqı 38, orta aylıq əmək haqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə pensiyası 14, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmışdır. Hər il pensiyaların ödənilməsinə ayrılan vəsait iki onillikdə 30 dəfə artmış və altı milyard manata çatmışdır.

Beləliklə, müasir Azərbaycan dövlətçiliyinin inkişafının iqtisadi modeli dünya iqtisadi praktikası üçün rekord xarakteri almışdır. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildən 2007-ci ilədək Azərbaycan ÜDM-ni 3,17 dəfə; eyni dövrdə Rusiya 1,5 dəfə, Qazaxstan 2 dəfə artıra bilib. O vaxtdan Azərbaycan dünya reytinqlərinin liderləri sırasında öz yerini möhkəmləndirmişdir (Dünya İqtisadi Forumunun 2006-2007-ci illər üzrə “Qlobal Rəqabət Hesabatı” reytinqinə əsasən Azərbaycan dünyada 64-cü, MDB-də 3-cü yeri tutmuşdur). Ölkə iqtisadiyyatı sivilizasiyanın tərəqqisi zirvələrinə çatmağa çalışan digər dünya ölkələri üçün texnoloji sıçrayış və sosial-iqtisadi rifah nümunəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin humanitar siyasəti son dərəcə güclü sivilizasiyanı, cəmiyyətin bütün təbəqələrinin incə və zənginləşdirici mənəvi məzmunla təmin edilməsini ehtiva etmişdir.

Azərbaycan dilinin dövlət statusunun möhkəmləndirilməsi, onun linqvistik, terminoloji və ədəbi inkişafı məsələsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz elə bu, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasına səbəb oldu. Sənədin icrası problemlərinə Prezidentin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası nöqteyi-nəzərindən baxılırdı. Proqrama 5 prioritet məsələ daxil idi: normativ-hüquqi bazanın yaxşılaşdırılması, dilin tədrisinin və istifadəsinin genişləndirilməsi, dilin KİV-lərdə təbliği və dilin öyrənilməsi və tanıdılmasında informasiya-kommunikasiya texnologiyalarından istifadə.

Prezident İlham Əliyevin dövlətin humanitar həyatının bütün sferasının şəffaflaşdırılmasına yönəlmiş fəaliyyətində Azərbaycan xalqının və dövlətinin obyektiv, hərtərəfli, əfsanəvi deyil, həqiqi elmi məzmunla dolu tarixi problemi mühüm yer tutur. Prezidentin humanitar siyasətinin bu vektorunun aktuallığı, bütün ölkə vətəndaşlarının Milli Tarixi diqqətlə öyrənməsi və bilməsi zərurəti ilə yanaşı, həm də erməni saxtakarları və onların xarici havadarlarının Azərbaycan dövlətçiliyinin inkişafının müxtəlif mərhələlərində dövlətmiliyimizin mövcudluğu faktlarının toxunulmazlığını şübhə altına almaq, Azərbaycan xalqının qədim mədəniyyətini ləkələmək və gözdən salmaq üçün bitməyən cəhdləri ilə motivasiya olunur.

Bu məqsədlə İlham Əliyev 2018-ci il yanvarın 10-da “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncam, yanvarın 18-də isə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Yeri gəlmişkən, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan Respublikasının demokratik həyat prinsiplərinin inkişafında davamlılığı təmin etməklə, Prezident İlham Əliyev maneəsiz söz və məlumat azadlığı, plüralizm, fikir müxtəlifliyi və siyasi hərəkatlar əsasında KİV-lərin fəaliyyəti üçün hər cür şərait yaratmışdır. Bu vektor Prezident İlham Əliyevin humanitar siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.

Prezident İlham Əliyev respublikaya rəhbərliyi dövründə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş çoxsaylı qərarlar qəbul etmiş, müvafiq fərman və sərəncamlar imzalamışdır.

İndi ölkədə KİV-lərin ümumi sayı 5 mini keçmişdir. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı isə 20 mindən çoxdur. 10 milyona yaxın əhalinin 80%-i internet istifadəçisi, 3 milyona yaxını isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 İnternet (İP) telekanalı və 16 radio kanalı fəaliyyət göstərir. 2005-ci ildə ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti yaradılıb fəaliyyətə başlamışdır.

2008-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 31 iyul tarixli Sərəncamı ilə ölkədə söz və mətbuat azadlığı üçün hüquqi baza formalaşdırmışdır.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla, İlham Əliyev bütün istiqamətlərdə KİV-lərinin fəaliyyətinə dövlətin təmənnasız maddi və mənəvi dəstəyini ideoloji mənsubiyyətindən asılı olmayaraq sivil dünya ictimaiyyətinin hər bir nümayəndəsinə nümayiş etdirdi. Müasir mərhələdə Fond vasitəsilə medianın inkişafına ayrılan vəsaitin ümumi məbləği 60 milyon manata çatmışdır.

Bununla yanaşı, İlham Əliyevin hərtərəfli humanizmi dövlət hesabına evlər tikilib pulsuz istifadəyə verilərkən dövlətin dördüncü hakimiyyət nümayəndələrinə münasibət nümunələrini meydana gətirir. Azərbaycan vətəndaşlarının mədəni-maarif səviyyəsinin yüksəldilməsi sahəsində bütün siyasətin əsas istiqaməti kimi İlham Əliyevin ölkə təhsil sistemi strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi sahəsində fəaliyyəti aydın şəkildə qeyd olunmuşdur. Bütün bu fəaliyyət ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına vəsiyyət etdiyi “Təhsil gələcəyimizdir!” həqiqəti ilə parlaq işıqlandırılır.

2015-ci il yanvarın 19-da İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında" Sərəncam imzaladı.

Bu strategiya 5 əsas sahəyə bölünür:

- səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması;

- təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir;

- təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir;

- müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması;

- Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması. (https://president.az/az/articles/view/9779)

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət təbrikində respublika ictimaiyyətinin diqqətini özünün təhsil sahəsində fabulasına yönəltdi: "Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar."

Son 20 il ərzində paytaxt və regionlarda 3630 məktəb, 450-dən çox uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2003-2023-cü illərdə sosial yönümlü büdcə xərcləri 20 dəfədən çox artmışdır.

Respublikada ən mühüm qlobal tendensiyalara uyğun olaraq inkişaf edən konstruktiv ali təhsil sistemi formalaşmışdır. Azərbaycan Boloniya prosesinin tam hüquqlu iştirakçısına çevrilmiş, maddi-texniki bazasının köklü şəkildə modernləşdirilməsi üzrə layihələr həyata keçirilir, müasir kadr hazırlığı sisteminə keçid həyata keçirilmiş, təhsil müəssisələrinin idarə edilməsi və maliyyələşdirilməsinin yeni formaları tətbiq edilmişdir.

Ümumilikdə Azərbaycanda 52 Ali təhsil müəssisələri var. Bunlardan 40-ı dövlət, 12-si özəldir. 2020-21-ci tədris ilində bakalavriat pilləsində təhsil alanların sayı 171 820, magistratura pilləsində təhsil alanların sayı 16 920 nəfər olub. Onlardan 94 941 tələbə dövlət sifarişi ilə təhsil alıb.

2021-22-ci tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı artaraq 110 834 nəfərə çatıb. Onlardan 1555-i kimsəsiz və valideyn himayəsindən məhrum, 1310-u sağlamlıq imkanları məhdud tələbələrdir. Hər 10000 sakinə hər il orta hesabla 38 məzun düşür.

Bütün bu göstəricilər Prezident İlham Əliyevin böyük əməyinin və onun yaratdığı texnoloji-təşkilati Azərbaycan təhsili modelinin son dərəcə maksimum səmərəliliyinin nəticəsi olan, inkişaf etmiş ölkələrin heç birinin müvafiq sistemindən geri qalmayan keyfiyyətli ali təhsilin inkişaf etmiş sistemini nümayiş etdirir.

İlham Əliyevin rəhbərlik etdiyi illərdə respublikada mədəni inkişaf sferası qəlbi, ruhu, gözü sevindirən çoxlu parlaq rənglərlə şölələndi!

Azərbaycanın bütün böyük şəhərlərində çoxlu mədəniyyət mərkəzləri, konsert zalları və kinoteatrlar var. Musiqi, teatr və təsviri sənətə sanki ikinci nəfəs gəldi və yaradıcı tərəqqinin yeni yüksək səviyyəsinə yüksəldi. Prezidentin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət sahəsinin yaradılması və daha da çiçəklənməsi məsələlərinin həllinə kompleks yanaşma işlənib hazırlanmışdır.

Respublikada onlarla musiqi festivalı (“Muğam aləmi”, “İpək yolu”, Qəbələ festivalı), sərgilər (Avropa Şurasının mənzil-qərargahında “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” layihəsi çərçivəsində sərgi (https://heydar-aliyev-foundation.org/az/content/view/140/3388/An-exhibition-devoted-to-Nizami-Ganjavi-at-the-European-Council%E2%80%99s-Headquartes-/), “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi (https://icherisheher.gov.az/az/95-news-detail/) və beynəlxalq əhəmiyyətli konfranslar (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və s.) keçirilmişdir.

Multikulturalizm kimi sosial-mədəni və siyasi anlayış minilliklər boyu hər zaman dini dözümlülüyü, torpağında yaşayan etnik, konfessional icmalara qarşı tolerantlığı ilə seçilən azərbaycan xalqına xas idi. Bununla belə, multikulturalizm İlham Əliyevin humanitar siyasətində Azərbaycanda sülhü, sabitliyi, millətlərarası münasibətlərdə mədəni qarşılıqlı zənginləşməni bəyan edən siyasi kantata kimi səslənirdi. Buna əsaslanaraq, 2016-cı il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında vurğulamışdır: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik." O, daha öncə, 2014-cü ildə (https://azertag.az/xeber/bakida_iv_beynelxalq_humanitar_forum_ise_baslayibazerbaycan_prezidenti_ilham_eliyev_forumun_resmi_achilis_merasiminde_istirak_edib_video-800118) təsdiq etmişdir ki, "Multikulturalizm Azərbaycanda həyat tərzidir. ... Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək."

Azərbaycanın tolerantlıq və dini dözümlülük modeli beynəlxalq səviyyədə tanınıb. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 7 yəhudi sinaqoqu, 14 xristian kilsəsi var, 800-dən çox dini icma qeydiyyatdan keçib və sərbəst fəaliyyət göstərir. Dünyanın heç bir yerində müsəlmanlar, yəhudilər və xristianlar bu qədər dinc yanaşı yaşamırlar.

Bu baxımdan Prezidentin titanik işinin bütün müxtəlifliyində onun sağ əli olan, xüsusilə də ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək göstərən, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın geniş əhatəli fəaliyyətini qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir sıra ölkələrində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Məsələn, 2015-ci il sentyabrın 8-də Parisdə onun iştirakı ilə təşkil olunan “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” konfransı multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyi üçün əhəmiyyətini nümayiş etdirdi. Doğrudur, indiki fransalı həmkarları vaxtilə Fransanın koloniyaları olmuş Afrika ölkələrini siyasi və iqtisadi cəhətdən sıxışdırmağa, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məğlubiyyətə uğrayaraq layiq olduqlarını alan erməni işğalçılarına açıq dəstək verməyə davam edərək Mehriban xanımın qorumağa çağırdığı multikulturalizmin sivilizasiya prinsiplərinə məhəl qoymadılar.

Prezident İlham Əliyevin məhz titanik səyləri sayəsində, Azərbaycan inkişaf etmiş idman dövlətinə çevrilməyə başladı. 2013-cü ildə o, "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzaladı.

Beləliklə, tarixdə ilk dəfə Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı - Bakıda keçirildi. Avarçəkmə yarışları Mingəçevir şəhərində təşkil olunmuşdu.

Eyni zamanda, oyunlarda 253 mükafat dəsti oynanılmış, Avropanın əlli ölkəsindən on birində 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparılmış otuz idman növü üzrə 5730 idmançı iştirak etmişdir.

Oyunların açılış mərasimi 2015-ci il iyunun 12-si, bağlanış mərasimi isə iyunun 28-də baş tutmuşdur.

Oyunlara 1248 media nümayəndəsi akkreditasiya olunmuş, Birinci Avropa Oyunları dünyanın 50-dən çox ölkəsində onlar tərəfindən işıqlandırılmışdır. Azərbaycan 21-i qızıl olmaqla, 56 medalla Rusiyadan sonra ikinci yeri tutmuşdur.

Bu beynəlxalq tədbir bütün dünyada böyük rezonans doğurmuş, Azərbaycanın və onun rəhbəri İlham Əliyevin nüfuzunun artmasına səbəb olmuşdur.

Bu uğur IV İslam Həmrəyliyi Oyunlarının təşkili ilə davam etmişdir. 2015-ci il sentyabrın 18-də İlham Əliyev "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam (https://president.az/az/articles/view/16211) imzalamışdır. Eyni zamanda "İslamiada-2017" kimi də tanınan bu oyunlar Bakıda 2017-ci il mayın 12-də açılmış, mayın 22-də başa çatmışdır. Oyunların idman proqramına 20 idman növü daxil edilmiş və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) üzvü olan 57 ölkənin hamısından idmançılar iştirak etmişlər.

Respublikada idmanın yüksək inkişaf səviyyəsinin qorunub saxlanılması, cəmiyyətin bütün təbəqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün də Prezident İlham Əliyev tərəfindən xeyli işlər görülmüşdür. Belə ki, o, 2013-cü il fevralın 14-də "2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalamışdır. FİDE-nin təşkilatçıl etdiyi 42-ci Olimpiada 2016-cı il sentyabrın 1-dən 14-dək Bakıda, 23 min yerlik “Baku Crystal Hall” kompleksində keçirilmişdir. Olimpiadada 182 kişi və 142 qadın komandası iştirak etmişdir.

2015-ci il yanvarın 19-da İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında" Sərəncam imzalamışdır. 2015-ci il mayın 13-də o özü şəxsən Veloparkın açılışında iştirak etmişdir.

Ümumilikdə bu illər ərzində 41 olimpiya-idman kompleksi tikilmişdir.

Siyasətdə belə bir formul var: "Çoxları zirvəyə qalxmağı bacarır, yalnız bir neçəsi zirvədə qala bilir". Və yuxarıda yazılanları ümumiləşdirərək məmnuniyyətlə bildirirəm ki, 2003-cü ildə Azərbaycanda dövlət hakimiyyətinin zirvəsinə yüksələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mürəkkəb, Azərbaycan xalqı üçün bu qədər zəruri 20 illik fəaliyyəti ilə nəinki bu zirvədə qaldı, həm də dünyanın bir çox dövlət və siyasi xadimləri üçün əlçatmaz olan , fəth edə bilmədiyi dövlət-siyasi zirvəsinə ucaldı!!!

Adəm İsmayılov

Fəlsəfə doktoru

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” sahəsi üzrə hazırlanmışdır.