Atatürk Hava lımanında 31 kiloqram kokain ələ keçirildi - 4 nəfər həbs olundu

Kokainin bazar qiyməti 10 milyon lirə dəyərindədir

İstanbulun Atatürk Hava limanında Gömrük xidmətinin əməkdaşları Cənubi Amerika ölkələrindən Türkiyəyə edilən uçuşları təqibə alaraq həyata keçirilən 4 fərqli əməliyyatda 31 kiloqram 165 qram kokaini ələ keçirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər həbs olunaraq həbsxanaya göndərilib.

İlk əməliyyatda Sao Paoulodan Türkiyəyə gələn İtaliya əsilli bir sərnişinin üstü yoxlanılıb. Ondan 4 kiloqram 585 qram kokain tapılıb.

İkinci əməliyyatda biri Kolumbiya, digəri isə Türkiyə vətəndaşı təqibə alınıb. Onlar aeroportdan çıxıb eyni avtomobilə minən zaman qarşıları kəsilib və yüklərindən 10 kiloqram 450 qram kokain götürülüb.

Bogotadan Türkiyəyə gələn Kolumbiya əsilli bir nəfərdən isə 14 kiloqram 200 qram kokain ələ keçirilib.

4-cü əməliyyatda isə Sao Paulodan İstanbula, İstanbuldan da Vyetnama səyahət etmək istəyən bir Ukrayna vətəndaşından içərisində kokain olan 67 ədəd kola götürülüb.

Ələ keçirilən 31 kq 165 qram kokainin bazar qiyməti 10 milyon lirə dəyərindədir.

Babək Göyüş

AzNews.az