Bunu “STAR Rafineri”nin baş direktoru Məsut İlter jurnalistlərə bildirib Bunu “STAR Rafineri”nin baş direktoru Məsut İlter jurnalistlərə bildirib

STAR-da bu il 4 milyon ton dizel yanacağı istehsal ediləcək

Bunu “STAR Rafineri”nin baş direktoru Məsut İlter jurnalistlərə bildirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) yerləşən STAR neft emalı zavodunda bu ilin sonunadək təxminən 4 mln. ton dizel yanacağı istehsalı nəzərdə tutulub.

Bunu Bakıda “STAR Rafineri”nin baş direktoru Məsut İlter jurnalistlərə bildirib.

O qeyd edib ki, istehsal ediləcək dizel yanacağının 3,5 mln.tona yaxını daxili bazara çatdırılacaq.

"Dizel yanacağının satışı daxili bazarda aprelin əvvəlindən etibarən həyata keçirilməyə başlanılıb. Buna qədər isə dizel yanacağının ixracı həyata keçirilib. Bir neçə aya ixrac azaldılacaq, daxili bazara daha çox məhsul yönəldiləcək. Bununla Türkiyədə dizel yanacağı çatışmazlığının azaldılmasına töhfə verəcəyik",- deyə o, əlavə edib.

M.İlter dizellə yanaşı, zavodda istehsal olunan təyyarə yanacağının da ixrac edildiyini, mart ayından daxili bazarda da satışlara başlanıldığını qeyd edib. O xatırladıb ki, "SOCAR Turkey" İstanbulun yeni hava limanına təyyarə yanacağının əsas tədarükçülərindən biri kimi tenderin qalibi olub, yeni hava limanına ildə 700min ton təyyarə yanacağı çatdırılacaq, digər hava limanları ilə birlikdə bu həcm 1 mln.ton olacaq.

Onun sözlərinə görə, yeni hava limanı üçün gəmiyə ilk təyyarə yanacağı həcmləri bu həftə doldurulub, bundan sonra yeni hava limanının təyyarə yanacağı mütəmadi olaraq təmin ediləcək: "Zavodda istehsalı nəzərdə tutulan bütün məhsullar istehsal olunur.Məhsulların satışı həyata keçirilir. Yanvar ayında "Petkim"ə nafta, daha sonra LPG verilməyə başlanılıb.Mart ayından isə Türkiyənin daxili bazarına təyyarə yanacağı, LPG, aprelin əvvəlindən isə dizel yanacağının satışına başlanılıb. Daxili bazara satılan məhsulun miqdarı hissə-hissə artırılır. Bununla yanaşı, məhsulların ixracı da həyata keçirilir.İxrac 12-13 ölkəyə, əsasən də Aralıq dənizi ölkələrinə həyata keçirilir. Məhsullarımız keyfiyyətli olduğuna görə, tələbat yüksəkdir. Hətta Şimal dənizi ölkələrindən də sifarişlərimiz var".

M.İlter indiyədək zavodda 15 mln.barelə yaxın neft emal edildiyini qeyd edib. Onun sözlərinə görə, ilin sonuna 8 mln.ton neft emal olunacaq, aprel ayında 900 min tona yaxın neft emal ediləcək. Hazırda zavodda "Urals" markalı neft emal edilir, müxtəlif sınaqlar davam edir, sınaqlardan sonra digər markalı neft emalına da başlanılacaq. "STAR zavodu 100 növdən çox nefti emal etmək üçün dizayn edilib. Zavod üçün hansı növ neft daha sərfəli olarsa, o növ neft seçiləcək. May ayından etibarən digər markalı neft də emal olunacaq. Neftin tədarükünü SOCAR Trading" həyata keçirir".

Xatırladaq ki, ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6mln. ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR yanvar ayında istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxarıb.(report.az)

AzNews.az