Türkiyədən ABŞ-a mühüm jest

S-400 mövzusunda müəyyən qədər vaxt əldə edən Türkiyə hakimiyyəti indi Vaşinqtonu fakt qarşısında qoyub

ABŞ Ankaranı yenidən öz yanına qaytarmaq istəyir. Vaşinqton administrasiyası bunun üçün hazırda bütün vasitələrə əl atıb. Məlum olduğu kimi, S-400 sistemlərinin Türkiyəyə təhvil verilməsi prosesi iyulun 12-dən başlayıb və iyulun 25-də birinci etap başa çatıb. Ancaq belə görünür ki, Ankara da Vaşinqtonla körpüləri yandırmaq niyyətində deyil.

S-400-lər artıq Türkiyədə olsa da, ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin havadan müdafiə sistemini aktiv vəziyyətə gətirməyəcəyinə ümid etdiyini bildirib. Pompeo deyib ki, Türkiyəyə qarşı daha ciddi sanksiyaların olmaması üçün Ankaranın S-400-ləri aktiv vəziyyətə gətirməməlidir.

ABŞ-ın “Defense One” saytı isə yazıb ki, ABŞ prezidentinin istəyi ilə respublikaçı senator Lindsi Qraham Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək S-400 hava hücumundan müdafiə sistemlərinin aktiv vəziyyətə gətirilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiya tətbiq olunmayacağını bildirib.

Bu, necə deyərlər, Vaşinqtonun Türkiyəyə ən son təklifi olub. Və belə görünür ki, Ankara da ABŞ hökumətinin çağırışını eşidib. Belə ki, iyulun 26-da, yəni bu çağırışdan bir neçə saat sonra prezident Ərdoğan bildirib ki, S-400 mövzusunda ABŞ tərəfinin təmkinli davranacağına ümid edir. Eyni zamanda Türkiyə prezidenti bildirib ki, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri 2020-ci ilin aprelində aktiv vəziyyətə gətirilib fəaliyyətə başlayacaq.

Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ prezidenti Tramp respublikaçı senatorları Ağ Evə dəvət edərək Türkiyə, yəni S-400 məsələsi ilə bağlı müzakirə aparıb. Ancaq bu görüşdə qalmaqal yaşanıb. NBC telekanalının məlumatına görə, Ağ Evdə keçirilən qapalı toplantıda senatorlar Trampdan Türkiyəyə sanksiyalar tətbiq etməsini istəyib. Respublikaçı senator Kevin Kramer 90 dəqiqə davam edən toplantıdan sonra deyib ki, Tramp problemi həll etmək üçün daha geniş imkanlar istəyir. Senatorlar deyib ki, ABŞ prezidenti Türkiyəyə qarşı sanksiya tətbiq etməkdənsə, Türkiyə prezidenti ilə anlaşmaq üçün vaxt verilməsini istəyib.

Belə anlaşılır ki, bu toplantıdan sonra Tramp Qrahama Türkiyəyə zəng etməyi tapşırıb. Görünür, hazırda hər iki tərəfi qane edən bir vəziyyət var. Söhbət S-400-lərin quraşdırılıb aktiv vəziyyətə gətirilməsinin ləngiməsindən gedir. Ərdoğanın açıqlamasından belə anlaşılır ki, bu proses ən yaxşı halda gələn ilin aprelinə, yəni 9 ay yubadılacaq. Bu isə indiki halda Türkiyə üçün böyük nəfəslikdir.

Əlbəttə, Ankara geri çəkilmək və ya S-400-dən imtina etmək fikrində deyil, amma eyni zamanda Vaşinqtonu da itirmək istəmir. Bu qərar Vaşinqtonda Türkiyəyə qarşı sərt qərarların tərəfdarı olan qanunvericilər qrupunu sakitləşdirmək üçün Trampa fürsətdir. Eyni zamanda Ankara da vaxt qazanır.

Bu müddət ərzində Ankara Vaşinqtonla daha əhatəli və əlverişli müzakirə imkanları qazana, vəziyyəti daha yaxşı dəyərləndirə bilər. Söhbət həm də Türkiyənin mənfəətlərindən gedir. Ankara üçün indi ikinci mühüm amil Suriyanın şimalındakı vəziyyət, daha dəqiqi, ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin Suriya-Türkiyə sərhədlərindən çəkilməsidir.

İndi Ankara bir mənada topu Vaşinqtona atmış olur. Çünki iyulun 26-da etdiyi çıxışında Ərdoğan Vaşinqtona müraciət edərək Suriyanın şimalı mövzusunda daha uzun müddət səbir etməyəcəklərini, Fəratın şərqindəki “kordonu” (kürd kordonu) darmadağın edəcəklərini bildirib. Bilindiyi kimi, Ankara artıq bir neçə həftədir Suriya ilə sərhədə əlavə qüvvələr toplayır. S-400 mövzusunda müəyyən qədər vaxt əldə edən Türkiyə hakimiyyəti indi Vaşinqtonu fakt qarşısında qoyub, Türkiyə ilə müttəfiqlik öhdəliyini yerinə yetirməyə çağırır. (Musavat.com)