"İki min ildən çox tarixi olan Türkiyəyə bunu layiq görmək cavabsız qala bilməz" "İki min ildən çox tarixi olan Türkiyəyə bunu layiq görmək cavabsız qala bilməz"

Türkiyə ABŞ-ı təhdid edir - Ərdoğanın açıqlamaları dünya mediasında

"İki min ildən çox tarixi olan Türkiyəyə bunu layiq görmək cavabsız qala bilməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın canlı yayımda verdiyi açıqlamalar dünya mətbuatında böyük əks-səda yaradıb.

AzNews.az xəbər verir ki, onun ABŞ Senatının qondarma erməni soyqırımı haqda qərarına cavab olaraq İncirlik və Kürəcikdəki hərbi bazaları bağlamaq barədə dediklərini İngiltərənin “Reuters” agentliyi “Ərdoğan: Türkiyə ABŞ-ın təhdidləri qarşısında İncirlik aviabazasını bağlaya bilər” başlığı ilə oxuyucuları ilə bölüşüb.

Xəbərdə “İncirlik” aviabazasında ABŞ-ın nüvə döyüş başlıqlarının yerləşdiyi qeyd edilib və Ərdoğanın bu sözlərindən sitat gətirilib:

“Yeri gəlsə, oturub bütün heyətlərimizlə birlikdə İncirliyi də, Kürəciyi də bağlayarıq. Bunlar bu cür şeylər edəndə biz boş dayanmayacağıq”.

Almaniyanın “Deutsche Welle” jurnalı bu xəbəri “Ərdoğan ABŞ-ı iki strateji hərbi bazasını bağlamaqla təhdid edir” başlığı ilə verib.

Jurnal İncirliyin ABŞ üçün əhəmiyyətli olduğunu bildirib və NATO-nun Kürəcikdə strateji cəhətdən önəmli radar sistemlərinin olduğunu xatırladıb.

Rusiyanın “Russia Today” yayım quruluşu “Ankara ABŞ-ın Türkiyəyə qarşı əlavə sanksiyalarına cavab olaraq İncirlik hərbi aviabazasını bağlamaq seçimini əlində saxlayır” yazıb və Ərdoğanın bununla yanaşı Adanada yerləşən Kürəcik Radar Bazasını bağlayacağını dediyini də qeyd edib.

Xatırladaq ki, Ərdoğan dünən Türkiyənin ATV telekanalında “A Haber” verilişinin qonağı olub. O, gündəmdəki bir sıra məsələrlə, həmçinin ABŞ Senatının qondarma erməni soyqırımı haqda qərarı ilə bağlı açıqlamalar verib.

“İncirlik aviabazasını bağlamaq kimi bir qərar verilərsə, bu, bizə aiddir. Bütün heyətlərimizlə birlikdə lazım gələrsə, İncirliyi də, Kürəciyi də bağlayarıq. Əgər sanksiya tətbiq etmək kimi bir tədbir görülərsə, biz də beynəlxalq münasibətlər çərçivəsində lazım olan cavabı verərik. ABŞ-ın münasibətlərimizdə təmiri mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün də vacibdir. Türkiyə qəbilə dövləti deyil. İki min ildən çox tarixi olan Türkiyəyə bunu layiq görmək cavabsız qala bilməz. Biz hələ strateji müttəfiqlərik. Bəs etdikləri nədir? Bunları oturub düşünməlidirlər. Fərqli addım atmağa davam etsələr, bizim də buna verəcəyimiz cavablar var”, - deyə Türkiyə prezidenti bildirib.

Pərvanə

AzNews.az