TBMM sədri AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyə çağırıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməyə dair bəyanat verib.

Aznews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bəyanatda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə görə təəssüf bildirilir. Qeyd olunur ki, 2001-ci ildən bəri Avropa Şurasının üzvü olan Azərbaycan ötən dövrdə gördüyü işlər və əməkdaşlıqla bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verməklə yanaşı, mədəni müxtəlifliyin qorunub saxlanılması və mədəniyyətlərarası dialoqun təşviqi kimi günümüzün ən önəmli missiyalarının gerçəkləşdirilməsində də aparıcı rol oynayıb. Verilmiş qərar Avropa Şurası üzvü olan bir ölkənin AŞPA-nın fəaliyyətindən kənarlaşdırılması deməkdir.
Sənəddə deyilir ki, bütün dünyada geosiyasi gərginliklərin, siyasi qarşıdurmaların və münaqişələrin artmaqda olduğu bir dövrdə çoxtərəfli diplomatiya öz gücünü və mövqeyini itirməməlidir. AŞPA münaqişələrin deyil, dialoq və əməkdaşlığın əsasını təşkil etməlidir.
Bəyanatda TBMM olaraq AŞPA-nı dəstəklədiyi prinsipləri birmənalı şəkildə müdafiə etməyə, bölücü deyil, birləşdirici bir platforma olmağa və Azərbaycan Milli Məclisini təmsil edən nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyə çağırış edilir.
Bəyanatın sonunda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təqdiqlənməməsinə dair qərarın ən qısa zamanda nəzərdən keçiriləcəyinə inam ifadə olunur.