“Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığı dayandırmalıyıq”. “Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığı dayandırmalıyıq”.
  • Qərb
  • 22 Oktyabr 2018 16:57
  •  1 215

“İcazə verməyəcəyik” - Almaniya Ər-Riyadı hədələdi

“Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığı dayandırmalıyıq”.

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer Səudiyyə Ərəbistanına silah ixrac olunmasına icazə verilməyəcəyini bildirib. Yaşıllar Partiyası isə Almaniya ilə Səudiyyə Ərəbistanı arasında olan strateji tərəfdaşlığın dayandırılmasını tələb edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın iqtisadiyyat naziri Altmayer federal hökumətin hazırda Səudiyyə Ərəbistanına silah-sursat ixrac edilməsini nəzərdə tutan yeni tələblərin qəbul olunmayacağını və Avropa Birliyi daxilində ortaq qərara gəlinməsi üçün çalışdıqlarını açıqlayıb.

Alman kanallarına danışan Altmayer, koalisya tərəfdarlarının da bu mövzuda eyni fikirdə olduqlarını bildirib. Nazir səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı verilən açıqlamaların heç birinin inandırıcı olmadığını da bildirib.

Avropa olaraq ortaq qərar verməyin önəmli olduğunu bildirən Altmaier, “Ər-Riyad idarəçiliyinə təsir edə bilmək üçün Avropa ölkələri arasında fikir birliyinin olması vacibdir” – deyib.

Almaniyanın Səudiyyə Ərəbistanına silah satışını dayandırması nəticəsində yaranacaq kəsirin başqa ölkələr tərəfindən əvəzlənməsinin hər hansı nəticə verməyəcəyini bildirən Altmaier, “ Federal Təhlükəsizlik Şurasının daha əvvəl qəbul etdiyi silah göndərilməsinin dayandırılıb-dayandırılmayacağı” sualına isə bütün detalların nəzərdən keçirilməkdə olduğunu və qərar verilməsi üçün gözləmək lazım gəldiyini bildirib.

“Yaşıllar Partiyasından Strateji Tərəfdaşlığa son vermək” tələbi

Almaniya Yaşıllar Partiyasının rəhbəri Annalena Baerbock da Qaşıqçı cinayətindən əvvəl icazə verilən silah satışlarının dayandırılmasını tələb edib. Baerbock satışın dayandırılmasının Səudiyyə Ərəbistanına zərbə olacağını bildirib.

Baerbock Səudiyyə Ərəbistanı ilə Almaniya arasındakı strateji tərəfdaşlığa son qoyularaq iqtisadi əlaqələrin nəzərdən keçirilməsini də istədiyini qeyd edib.

Azad Demokrat Partiyasının (FDP) Baş Katibi Nikola Beyer də Almaniya və Avropa şirkətlərinin nümayəndələrinin bu həftə Ər-Riyadda təşkil olunacaq investorların konfransında iştirak etməmələrini istəyib.

Bir çox alman şirkətlərinin səlahiyyətli şəxsləri və nazirlik nümayəndələri keçən həftə konfransı boykot etmək qərarı vermişdilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı şənbə günü “Vaşinqton Post” qəzetinin künc yazarı Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyünü etiraf etmişdi. Ər-Riyad hakimiyyəti Qaşıqçının Konsulluqda qarşılaşdığı insanlarla dava edərkən öldüyünü bildirmişdi.

Pərvanə AĞAZADƏ
AzNews.az