"Səudiyyə Ərəbistanına kömək etməsək, orduları kağızla belə döyüşə bilməz" "Səudiyyə Ərəbistanına kömək etməsək, orduları kağızla belə döyüşə bilməz"
  • Qərb
  • 11 Dekabr 2018 16:12
  •  3 361

Biz olmasaq, Səudiyyə Ərəbistanı bir həftədə farsca danışacaq - ABŞ senatoru

"Səudiyyə Ərəbistanına kömək etməsək, orduları kağızla belə döyüşə bilməz"

ABŞ-da respublikaçı senator Lindsey Graham gündəmdəki mövzularla bağlı “Fox News” kanalının suallarını cavablayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, senator “Qaşıqçı hadisəsi ilə bağlı Ər-Riyad rəhbərliyinə təzyiq göstərməyin ABŞ-ın bölgədəki nüfuzuna və xüsusilə İran qarşısında mövqeyinə mənfi təsir edə biləcəyi” ilə bağlı verilən suala cavab verib.

O, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin Senatda təşkil etdiyi iclasda iştirak edən bütün senatorların Qaşıqçı cinayətində şahzadə Salmanın ortaqları olduğunu deyib:

“Senatda bu günə qədər şahid olduğum ən yaxşı məlumat idi. İki analitik bizə vəliəhd Şahzadə Muhamməd ibn Salmanın Qaşıqçını iki ildir izlədiyini dedi. Sözügedən əməliyyatın planlaşdırıldığını və əməliyyatdan məsuliyyətli şəxsin şahzadənin sağ qolu olduğu deyildi. Bunları dinləyən heç bir senatorun şahzadənin cinayətdə şərikinin olduğuna dair şübhəsi yoxdur”.

Graham şahzadənin hədəfə aldığı tək müxalifin Qaşıqçı olmadığını, başqa ölkələrdə başqa müxaliflərin də qaçırılaraq Səudiyyə Ərəbistanına aparıldığını qeyd edib. O, Salmanın bir müddət əvvəl Livanın baş naziri Saad Haririni də bir həftə Ər-Riyadda saxladığını xatırladıb.

Fox TV-nin verdiyi “Bəs bu mövzuda nə edəcəksiniz?” sualına “Birincisi, onun şərikinin olduğunu deyəcəyik. Senatda onun şərikinin olduğunu ortalığa çıxaracağıq”,- deyə cavab verib.

Senator olaraq bundan sonra Səudiyyə Ərəbistanına silah satışını dəstəkləməyəcəklərini bildirən Graham “Şahzadə dağıdıcı güllə kimidir. Məncə ağlı yerində deyil. Hansı ağlı başında olan insan bir nəfəri aldadıb Türkiyədəki konsulluğa gətirib öldürəndən sonra bunun cəzasız qalacağını düşünər? Mənim narahatlığım budur ki, bu adamın liderliyi dövründə ona satacağımız silahlar sonradan rusların və çinlilərin əlinə keçə bilər. Səudiyyə Ərəbistanı ilə müttəfiqliyimiz strateji cəhətdən önəmlidir. Lakin bunun üçün hər şeyi qurban verməyəcəyik”, - deyib.

Aparıcının “ABŞ-ın İrana qarşı Səudiyyə Ərəbistanının köməyinə ehtiyacı olduğu” barədə sualına Graham “Bu mövzuda çox açıq danışacağam. Biz olmasaq, Səudiyyə Ərəbistanı bir həftədə farsca danışmağa başlayar. Biz kömək etməsək, orduları kağızla belə döyüşə bilməz. Onlar ABŞ-ın neft idxalının 9%-ni ödəyirlər. Bizim onlara ehtiyacımız olduğundan çox, onların bizə ehtiyacı var”, - deyə cavab verib.

O, “ABŞ-ın İrandan qorunmaq üçün cani rejimə ehtiyacının olduğu və Salman kimi bir quldurla şərikliyinin vacibliyi fikrinə qatılmıram. Əksinə onlarla əməkdaşlığı davam etdirsək, bölgədə idarəetmə bacarığımızı itirəcəyik”,- deyə bildirib.

Pərvanə Ağazadə

AzNews.az