"Hazırda xoşagəlməz hadisələrin təkrarlanmaması üçün işlər görülür". "Hazırda xoşagəlməz hadisələrin təkrarlanmaması üçün işlər görülür".
  • Qərb
  • 14 Dekabr 2018 17:35
  •  1 904

Parisi 8 min polis qoruyacaq

"Hazırda xoşagəlməz hadisələrin təkrarlanmaması üçün işlər görülür".

Parisin Polis İdarəsinin rəisi Mişel Delpuech RTL radiosuna verdiyi açıqlamada sabah "sarı jiletli"lərin ölkə daxilində keçirəcəyi mitinqə dair fikirlərini bölüşüb.

O, sabahkı aksiyada 8 min polisin iştirak edəcəyini vurğulayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, rəis ən pis vəziyyətə qarşı hazırlaşdıqlarını və buna görə təhlükəsizlik tədbirləri aldıqlarını bildirib.

Onun sözlərinə görə, keçən həftə keçirilən aksiyada təhlükəsizlik baxımından yaxşı hazırlaşmalarına baxmayaraq bəzi xoşagəlməz hadisələr baş verib, hazırda bunların təkrarlanmaması üçün işlər görürlər.

M. Delpuech sabah Parisi 8 min polis ilə 14 zirehli maşının qoruyacağını, ölkə daxilində keçən həftəki kimi təhlükəsizlik tədbirlərinin oxşarının tətbiq olunacağını deyib:

“Keçən aksiyada ölkə daxilində 89 min polis iş başında idi. Parisi isə 8 min polis qoruyurdu”.

"Sarı jiletli"lər hökumətin aksiyanın ləğv olunmasına dair göstərişinə və prezident Emmanuel Makronun açıqlamalarına baxmayaraq sabah ölkə daxilində hərəkət edəcəklərini bildirmişdi.

Fransa hökumətinin sözcüsü Benjamin Griveaux da çərşənbə axşamı Strasburqda keçirilən silahlı hücumdan sonra "sarı jiletli”lərdən şənbə günü yeni bir aksiya keçirməməyi istəmişdi.

Bildirək ki, Fransada yanacağın qiymətinin artması və iqtisadi şəraitin pisləşməsinə reaksiya olaraq 17 noyabrdan başlayan, daha sonra Makron rəhbərliyinə qarşı qəzəbə çevrilən "sarı jiletli”lərin aksiyaları ölkədə son illərin ən şiddətli etirazı halına gəlib.

Şəhər mərkəzlərindəki ev icarələrinin yüksək olmasına görə, şəhərkənarı bölgələrdə yaşayanlar Makrondan iqtisadi şərtlərin yaxşılaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, aksiyalarda indiyə qədər 4 nəfər həyatını itirib, 4 min 99 nəfər saxlanılıb, mindən çox adam isə yaralanıb.

Əsmər Qabil

AzNews.az