Pentaqondan Suriya açıqlaması - "Çıxarılma xəbəri düzdür"

ABŞ-ın CNN kanalı da informasiyanı təsdiq edib.

Xəbər verildiyi kimi, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair plana uyğun olaraq hərbi texnikanın bu ölkədən çıxarılmasına başlanıb.

Anadolu agentliyinin müxbirinə açıqlama verən və adının açıqlanmasını istəməyən səlahiyyətlilərdən biri “Bəzi təchizatları Suriyadan çəkməyə başladığımızı qəbul edirəm” deyib.

AzNews.az xəbər verir ki, həmin şəxs əməliyyatlara görə çəkilən təchizatın nə olduğu və hansı bölgədən köçürülməyə başlanıldığı barədə məlumat verməkdən boyun qaçırıb.

ABŞ-ın CNN kanalı isə ABŞ Mərkəzi Qoşunlar Komandanlığının çəkilmə əməliyyatları zamanı hansı gəmi və təyyarələrdən istifadə edəcəyinin təyin olunduğunu iddia edib.

Qeyd edək ki, çəkilmə müddəti ABŞ prezidenti Donald Trampın 19 dekabr 2018-ci ildə verdiyi qərardan sonra başlayıb.

Həmin qərar Jim Mattisin Müdafiə Nazirliyi postundan istefa etməsinə səbəb olub. Mattis 1 yanvarda vəzifəsindən getməzdən öncə ABŞ ordusuna çəkilməyə başlamaq təlimatını verib.

Pərvanə Ağazadə

AzNews.az