Latviyada qripə yoluxma halları artmaqda davam edir. Latviyada qripə yoluxma halları artmaqda davam edir.
  • Qərb
  • 13 Fevral 2019 14:43
  •  1 078

Latviyada qrip epidemiyası davam edir

Latviyada qripə yoluxma halları artmaqda davam edir.

LETA Agentliyi xəbər verir ki, bir həftə ərzində daha 12 nəfər xəstəlik səbəbindən ölüb. Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, qrip mövsümü başlayandan bu infeksiya və onun törətdiyi fəsadlar səbəbindən 37 nəfər həyatdan köçüb. Ölənlərin orta yaş həddi 65 olub, onların hamısı xroniki xəstəliklərdən əziyyət çəkiblər, 31 nəfər isə qrip əleyhinə peyvənd edilməyənlərdir.

Bundan əvvəlki mövsümdə qrip nəticəsində 91 nəfər, iki il əvvəl isə 75 nəfər həyatla vidalaşıb.

Ötən həftə Latviyada qripə yoluxma üzrə hər 100 min sakinə 363 hal qeydə alınıb. Bir həftə ondan əvvəl isə bu rəqəm hər 100 min nəfərə 362,1 hal olub.

Yekabpils istisna olmaqla, monitorinqə qoşulan bütün şəhərlərdə qripə yoluxmanın intensivliyi hər 100 min nəfər sakinə 100 halı ötüb. Ən yüksək hədd isə Valmiyerdə - hər 100 min nəfərə 588,8 hal qeydə alınıb.

Qripə daha çox 4 yaşınadək olan uşaqlar (hər 100 min sakinə 948,1 hal) yoluxublar. 5-14 yaş arası uşaqlarda 735,4 hal müşahidə edilib.

Ötən həftə qripə yoluxma şübhəsi ilə 253, qripin əmələ gətirdiyi sətəlcəm diaqnozu ilə 79 pasiyent hospitala yerləşdirilib.

Xatırladaq ki, Latviyada yanvarın 15-dən qrip epidemiyası elan olunub.(AZƏRTAC)

AzNews.az