Qırğızıstan prezidenti Merkellə görüşdü

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Almaniyada rəsmi səfərdədir.

Qırğızıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, səfər çərçivəsində Sooronbay Jeenbekov Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə ölkələr arasında əməkdaşlığın daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

S.Jeenbekov ölkədə bütün sahələrdə aparılan islahatlar haqqında məlumat verib, 2020-ci ildə Qırğızıstanda Almaniya iqtisadiyyatı günlərinin keçirilməsini təklif edib. Dövlət başçısı Qırğızıstanda demokratiyanın inkişafı, məhkəmə və hüquq-mühafizə sahəsində aparılan islahatlar, seçki haqqında qanunların gücləndirilməsi, ölkələr arasındakı münasibətlərin indiki vəziyyəti və perspektivlərindən danışıb.

Sooronbay Jeenbekovun Almaniyanın federal kansleri Angela Merkellə görüşündə ticarət-iqtisadi, maliyyə, turizm, təhsil, kiçik biznesin inkişafı sahəsində əməkdaşlıq, regionların inkişafı, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Qırğızıstan Prezidenti Almaniya şirkətlərini ölkəyə sərmayə qoymağa çağırıb, ölkədə demokratik islahatlar sahəsində görülən işlər haqqında məlumat verib.(AZƏRTAC)

AzNews.az