İngiltərə Assanjla bağlı sorğunu cavablandırdı

"Əlbəttə, son qərarı məhkəmə verməlidir"

Böyük Britaniyanın Daxili İşlər naziri Sacid Cavid ABŞ-ın “WikiLeaks” saytının yaradıcısı Julian Assanjın bu ölkəyə ekstradisiyası ilə bağlı sorğusunu imzalayıb.

“The Guardian” nəşrinin verdiyi xəbərə görə, nazir yekun qərarı məhkəmənin verəcəyini bildirib.

“Bizə ekstradisiya ilə bağlı qanuni sorğu göndərilib və mən onu imzaladım. Əlbəttə, son qərarı məhkəmə verməlidir”, -deyə Cavid vurğulayıb.

Nazirin sözlərinə görə, məhkəmə prosesi 14 iyunda baş tutacaq.

Xatırladaq ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.(qafqazinfo.az)

AzNews.az