"Lazım gələrsə, İrana güc tətbiq edəcəyik"

"Oman körfəzinə təxminən 1000 nəfər əlavə hərbçi ayırmışam"

ABŞ keçən həftə Oman körfəzində iki tankerə hücumdan sonra Yaxın Şərqə 1000 əlavə hərbi qüvvə göndərir.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Patrik Şanahan deyib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təklifindən, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin tövsiyəsindən və Ağ Evlə məsləhətləşmələrdən sonra Yaxın Şərqdə hava, dəniz və yerüstü təhlükələrlə mübarizə aparmaq üçün təxminən 1000 nəfər əlavə hərbçi ayırmışam”- deyə Şanahan bildirib.

O, son zamanlar İranın hücumlarının və düşməncə davranışlarının ABŞ-ın bütün heyətini, regionun maraqlarını təhdid etdiyini deyib.

“ABŞ İranla münaqişə istəmir. Bu gün regionda çalışan hərbçilərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi, milli maraqlarımızın qorunması üçün tədbirlər görülür", - deyə o qeyd edib.

"Biz vəziyyəti diqqətlə izləyirik. Kəşfiyyatın nəticələrini və ehtimal olunan təhdidləri nəzərə alıb, lazım gələrsə, güc tətbiq edəcəyik". Nazir belə vurğulayıb.

Pərvanə Ağazadə

AzNews.az