"Tramp administrasiyasının məqsədi ABŞ-ın daxili bazarını qorumaqdır" "Tramp administrasiyasının məqsədi ABŞ-ın daxili bazarını qorumaqdır"
  • Qərb
  • 27 İyun 2019 12:56
  •  1 651

"ABŞ-la Çinin ticarət müharibəsinin dayandırılması inandırıcı deyil"

"Tramp administrasiyasının məqsədi ABŞ-ın daxili bazarını qorumaqdır"

“Hazırda ABŞ-la Çin arasında ticarət müharibəsinin dayandırılmasına əsas verən hər hansı bir amil yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında ABŞ və Çin arasında ticarət müharibəsinin dayandırılması barədə xarici mediada yer alan xəbərlərə münasibət bildirən politoloq Elçin Mirzəbəyli dedi:

“Çinlə bağlı məsələ Tramp administrasiyası üçün prioritet məsələlərdən biridir. Yəni əslində İrana qarşı tətbiq olunan sanksiyaların təməlində də Çin amili dayanır. Çünki İrandan ən çox neft alan ölkələrdən biri də Çindir. Eyni zamanda bildiyiniz kimi, bir sıra mallara vergilər və gömrük rüsumları kifayət qədər artırılıb ki, bu da Çindən ABŞ-a idxal və ixrac edilən malların qiymətində yüksəlişin yaranmasına səbəb olub. Bu da ilk növbədə ABŞ-ın daxili bazarını qorumaq məqsədilə atılan addımlardır. Bu, təkcə Çinə deyil, eyni zamanda bir sıra qonşu ölkələrin şirkətlərinə qarşı da həyata keçirilir. Söhbət iqtisadi müstəvidən gedirsə, Tramp administrasiyasının yürütdüyü siyasətin əsas mahiyyəti ABŞ-ın daxili bazarını qorumaq, yerli şirkətlərin inkişafına zəmin yaratmaq və kənar investisiyaları ABŞ-a yenidən cəlb etməkdən ibarətdir. Çinə qarşı atılan addımların da arxasında bu amillər dayanır. İndiki halda bu maraqların təmin edilməsi üçün hər hansı bir müsbət dinamikanın olduğunu görmürəm. Buna görə də Çinlə ABŞ arasında G-20 sammitində başqa bir formatda hər hansı bir razılaşmanın olması üçün indiki şəraitdə əsas yoxdur”.

Politoloq iki ölkə arasında hər hansı bir razılaşmanın olacağı təqdirdə bunun neftin qiymətinə necə təsir edəcəyi barədə yaranan suallara da aydınlıq gətirdi:

"Bu, neftlə birbaşa bağlı olmayan məsələdir. Çin neft idxalçısıdır. Neft ixrac etmir və ya ABŞ-dan neft alıb-satmır ki, bu, qiymətlərə hər hansı bir formada təsir göstərsin. Qiymətə təsir göstərmək üçün hər hansı bir amil yoxdur. O halda qiymətə təsir göstərən bir faktor ortaya çıxa bilərdi ki, İran neftinə qoyulan və son dövrlərdə İrana qarşı tətbiq olunan sanksiyalar müəyyən qədər yumşaldılsın. Digər tərəfdən, hazırda bazara yetərincə neft məsulu təqdim edə bilən alternativ ölkələr var. Bu baxımdan da neftin qiyməti ilə bağlı hər hansı dəyişikliyin baş verəcəyi gözlənilmir”.

Qeyd edək ki, "South China Morning Post” nəşrinin məlumatına görə, Pekin və Vaşinqtonun ticarət müharibəsində razılığa gəliblər. Tərəflərin bu haqda Osaka şəhərində keçiriləcək G20 sammitində elan edəcəkləri gözlənilir. Mənbənin sözlərinə görə, ABŞ Çinə qarşı əlavə tariflərin dayandırılmasını elan edib. Bu baxımdan hər iki ölkənin lideri Osakada üz-üzə gələrək razılaşmanın detallarını müzakirə edəcəklər.

Xəyalə

AzNews.az