İtaliya və ABŞ polisi mafiyaya qarşı birgə əməliyyat keçirdi

18 nəfər həbs olunub

İtaliya və ABŞ polisi Palermoda Siciliyanın mafiya qruplarına qarşı birgə əməliyyat keçirib.

“Reuters” xəbər verir ki, Federal Təhqiqat Bürosunun əməkdaşları da daxil olmaqla, 200-dən çox polis əməkdaşının iştirakı ilə keçirilən əməliyyat zamanı yerli İzerillo qruplaşmasına qarşı təhqiqat çərçivəsində 18 nəfər həbs olunub.

Qeyd olunur ki, 2017-ci ildə həbsxanada vəfat edən mafiya “ata”sı Salvatore “Toto” Riinadan sonra müəyyən dərəcədə iflic vəziyyətdə olan yerli qrupların yenidən təşkilatlanma fəaliyyətləri barədə məlumatlar daxil olmağa başlamışdı. Ötən əsrin 80-ci illərindəki mafiya müharibələri əsnasında Riina İnzerillo ailəsini Palermo yaxınlığındakı “ata yurdu”ndan vurub çıxartmağa müvəffəq olmuşdu.

İnzerillo ailəsinin Nyu-York mafiyasının köklü ailələrindən olan Qambinolarla müttəfiq olduğu da qeyd olunur. Sözügedən əməliyyatın da iki ölkə mütəşəkkil kriminal qrupları arasındakı əməkdaşlıqla bağlı aparılan təhqiqatlar çərçivəsində həyata keçirildiyi bildirilir.

Hələlik nə İnzerillo, nə də Qambino ailəsindən məsələyə dair şərh verilməyib.(report.az)

AzNews.az