“Amerika səhv yol seçib” “Amerika səhv yol seçib”
  • Qərb
  • 4 Oktyabr 2019 12:44
  •  2 737

Aİ və ABŞ arasında ticarət davası qızışır – Almaniya rüsumlara cavab verdi

“Amerika səhv yol seçib”

Almaniyanın xarici işlər naziri Hayko Maas Avropa İttifaqının “Airbus”u subsidiyalaşdırdığı üçün Aİ mallarına 7,5 milyard dollar məbləğində ticarət rüsumu tətbiq edən Birləşmiş Ştatlara qarşı cavab tədbirlərinin görülməsini dəstəkləyir.

AzNews.az bildirir ki, bu barədə o, “Funke” media qrupuna müsahibəsində bildirib.

"Aİ reaksiya verməli və ola bilsin ki, ÜTT-nın da razılığı ilə öz tərəfindən cərimə rüsumları tətbiq etməlidir", - deyə nazir bildirib.

Maas əlavə edib ki, ABŞ-ın seçdiyi qarşıdurma yolu səhv olub və dünya iqtisadiyyatına ziyan vurmamağa çağırıb.

“Biz hesab edirik ki, bu (ABŞ-ın Aİ-nin “qarşılıqlı məqbul qərar” haqqında təklifini qəbul etməməsi” – red.), düzgün deyil. Belə ki, Atlantikanın hər iki tərəfində zərbə işçilər və istehlakçılara dəyəcək”, - deyə Maas vurğulayıb.

Almaniyanın xarici işlər naziri həmçinin Avropanın ABŞ-la aviasənaye sahəsinin subsidiyalaşdırılması qaydaları barədə razılığa gəlməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 2-də ÜTT ABŞ-a “Airbus”ın subsidiyalaşdırılması ilə əlaqədar ildə 7,5 milyard dollarlıq cavab ticarət tədbirlərini tətbiq etməyə icazə verib.

Bununla əlaqədar olaraq, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer oktyabrın 18-dən mülki təyyarələrə, həmçinin Aİ-dən idxal olunan kənd təsərrüfatı və sənaye məhsullarına yeni ticarət rüsumlarının tətbiq olunduğunu elan edib.

AzNews.az