NATO-nun baş katibi: “Demokratik seçkinin nəticəsinə hörmət edilməlidir” NATO-nun baş katibi: “Demokratik seçkinin nəticəsinə hörmət edilməlidir”
  • Qərb
  • 7 Yanvar 2021 12:10
  •  5 475

Trampın tərəfdarları Konqres binasına hücum etdi - ABŞ-da böyük xaos

NATO-nun baş katibi: “Demokratik seçkinin nəticəsinə hörmət edilməlidir”

ABŞ prezidenti Donald Trampın yanvarın 6-da paytaxt Vaşinqtonda keçirdiyi “Amerikanı xilas et” adlı mitinq iğtişaşa çevrilib.

AzNews.az xəbər verir ki, Donald Trampın tərəfdarlarından ibarət bir qrup insan Co Baydenin seçki nəticələrinin rəsmiləşməsi ilə bağlı iclasın keçirildiyi Konqres binasının qarşısında toplaşıb.

Barrikadaları aşan nümayiş iştirakçıları Konqres binasına daxil olublar. Kapitoli olaraq adlanan Konqres binasında giriş və çıxışlar bağlanıb.

Konqres üzvləri sığınacaqlara enməzdən əvvəl onlara qaz maskaları paylanılıb. Mitinq iştirakçıları Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin otağına girib. ABŞ-ın vitse-prezidenti Mayk Pens təhlükəsizlik məqsədi ilə Konqres binasından çıxarılıb.

Vaşinqton bələdiyyə başçısı Muriel Bovser şəhərdə komendant saatı elan edildiyini bildirib. Çərşənbə günü saat 18:00-dan cümə axşamı saat 06:00-a qədər küçəyə çıxmaq qadağan edilib.

Vaşinqtona qonşu Virciniya ştatında da komendant saatı elan edilib. Qubernator Ralf Nortam ştatda fövqəladə hal elan etdi. Vaşinqtonla sərhədi olan Arlinqton və Aleksandria şəhərlərində də 18:00-dan sonra küçəyə çıxma qadağası olacağını bildirilib.

Donald Trampın bəzi dəstəkçilərinin ABŞ Konqresinə hücumu nəticəsində 4 nəfər ölüb. Vaşinqton polisi baş verənlərlə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada ölənlərdən birinin kişi, ikisinin qadın olduğu, bu şəxslərin təcili yardım zamanı öldüyü bildirilib. Sözügedən şəxslərin kimlikləri açıqlanmayıb. Hadisə zamanı 14 polisin yüngül xəsarət aldığı, ən az 52 nəfərin saxlanıldığı qeyd olunub.

Baş verənlərlə bağlı “çevrilişə cəhd” ifadəsini ilk dəfə işlədən Respublikaçı konqres üzvü Adam Kinziger olub.

Pensilvaniya qubernatoru Tom Volf da hadisəni “çevrilişə cəhd” olaraq dəyərləndirib.

Keçmiş ABŞ prezidenti Corc Buş isə baş verənləri “qiyam” adlandırıb. O, yaşananları həyat yoldaşı Laura ilə birlikdə dəhşət içərisində izlədiklərini bildirib.

“Qiyam ölkəmizə və etibarımıza ciddi zərər vura bilər. ABŞ-da hər bir vətəndaşın əsas öhdəliklərindən biri hüququn üstünlüyünü dəstəkləməkdir”, - deyə C. Buş vurğulayıb.

ABŞ prezidenti Donald Tramp hadisələrin qarşısını almaq üçün nümayiş iştirakçılarını sosial media vasitəsilə soyuqqanlı olmağa çağırıb.

“Konqres binasındakı hərkəsdən sakit qalmağını istəyirəm. Şiddət olmaz. Unutmayın, biz Hüquq və Nizam partiyasıyıq. Hüquqa, möhtəşəm qadın və kişilərimizə hörmət edək”, - deyə o, “Facebook” hesabında paylaşım edib.

D. Tramp Milli Qvardiyaya Konqres binasındakı hadisələrə müdaxilə etmələri üçün təlimat verib. Ağ Ev sözçüsü Kaylee Makinani sosial mediada Donald Trampın şiddətə yol verməməklə bağlı çağırışını təkrarlayıb.

Vitse-prezident Mayk Pens də zorakılığa dözülməyəcəyini söyləyərək hadisələrə son qoymağa çağırıb.

Co Bayden kameralar qarşısına keçərək paytaxt Vaşinqtonda yaşananların əsl Amerikanı yansıtmadığını bildirib.

“Bu, etiraz deyil. Bu, bir qiyamdır. Bu, xaosdur. Hətta separatizm sayılır. Kütləyə səslənirəm. Geri çəkilin".

O, Donald Trampa çağırış edib:

“Milli televiziyaya çıx və andına sadiq qal. Konstitusiyanı müdafiə et. Bu mühasirənin sonladırılmasını tələb et”.

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-dakı hadisələrlə bağlı verdiyi açıqlamada Vaşinqtondakı görüntülərin şokedici olduğunu deyib.

“Demokratik seçkinin nəticəsinə hörmət edilməlidir”, - deyə Y. Stoltenberq bildirib.

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel hadisələri ABŞ demokratiyasına qarşı misilsiz hücum adlandırıb.

Avropa İttifaqı Şurasının sәdri Çarlz Mişel isə ABŞ-da hakimiyyətin Co Baydenə dinc şəkildə təhvil veriləcəyinə inandığını vurğulayıb.

Demokratların öndə gələn nümayəndələri isə sosial media nəhənglərini prezident Donald Trampın hesablarının bağlamağa çağırıb. Bu barədə ilk addımı atan isə “Twitter” olub. Şirkət Trampın son tweetlərini silib, hesabını isə 12 saat kilidlənəcəyini bildirib.

Tramp hadisələrdən əvvəl təşkil etdiyi mitinqdə seçkilər zamanı saxtakarlıq edildiyinə dair iddialarını təkrarlayıb.

“Heç vaxt təslim olmayacağıq, əsla qəbul etməyəcəyik. İşin içində oğurluq olanda qəbul etməyəcəyik”, - Tramp deyib.

O, çıxışında Respublikaçı senatorların Demokratlara göz yumduğunu bildirib.

“Bunlardan çox var. Yaxşı olanlar da var, zəif olanlar da. Demokratlar sərhədləri açanda, ordunu dağıdanda və Amerikanın sonunu gətirəndə onlar bunu görməzdən gəldilər. Mübarizə aparmayanları ön planda tutmalıyıq. Onların kim olduğunu sizə deyəcəyik”.

Tramp vitse-prezident Mayk Pensin doğru olanı edəcəyi təqdirdə seçkini qazanacaqlarını qeyd edib.

“Ümid edirəm Mayk doğru olanı edəcək. Çünki Mayk Pens doğru olanı edərsə, seçkini qazanarıq. Vitse-prezident Pensin etməli olduğu tək şey sənədləri yenidən təsdiqləmək üçün ştatlara geri göndərməkdir. Biz prezident, siz isə ən xoşbəxt insanlar olacaqsınız”, - D. Tramp deyib.

ABŞ-ın vitse-prezidenti M.Pens isə Trampın çağırışını rədd etdi. O, Konqresin Co Baydenin seçkilərdəki qalibiyyətini təsdiqləməsinə mane olmayacağını bildirdi.

“Konstitusiya hansı seçki komitəsinin səslərinin sayılacağını, hansı seçki komitəsinin səslərinin sayılmayacağını müəyyənləşdirmək üçün mənim birtərəfli səlahiyyətimdən istifadə etməyimi məhdudlaşdırır", - M. Pens qeyd edib.

Vitse-prezident çıxışı zamanı Konstitusiyanı dəstəkləyəcəyinə və müdafiə edəcəyinə dair and içdiyini bildirib.