- Yazarlar
- 17 Avqust 2019 16:01
- 7 623
Aslan MOM-dan nə istəyir?..
Mərd adam, qaçmır, yerində qalır və elə mərd-mərdanə, kişi kimi müdafiə olunur
Həmkarımız Dünya Sakit özünə yaxın bir ailənin üç üzvünün başına gələnlərdən sosial şəbəkə üzərindən status yazıb. Yüzlərlə oxunması, paylaşımı var. Hiss eləyirsən ki, müəllifin yazdıqlarında yanğı, ağrı, sarsıntı var.
Yazıb ki, həkimlərin səhv diaqnozu, düzgün aparılmayan müainəsi, müalicəsi üzündən bir ailədə faciə yaşanır. Səbəbkar kimi Milli Onkoloji Mərkəz, onun həkim personalı göstərilir. Hələlik kimsə danmır, inkar eləmir, təsdiqləmir də. Yəni hələ məsələ dəqiqliklə araşdırılmayıb. Xəstələrdən biri dünyasını dəyişib artıq. Bəlli ki, indi hər kəsin başı dəfn marasiminə qarışıqdır. Sadəcə bir sosial şəbəkə status yazılıb, o da vəziyyətin araşdırılmasını, təbdir görülməsini tələb etmək məqsədi ilə. Xub, yəni əla, haqq verilir, lazım olan tədbirlərin görüləcəyi də istisna edilmir.
Məsələ bu deyil. Məsələ o ki, MOM-la illərdir çəkişən, hərşeyşünas vəkil Aslan İsmayılov da guya ki, canıyanmışlıq eləyib bu hadisəni sosial şəbəkədəki səhifəsində ictimailəşdirib. Səmimiyyətimə inanın onu tanımasaydım, buna da “xub, əla” deyərdim caci-könüldən. Çünki bu bir ictimai mövqe, ədalət tələbidir. Ancaq deyə bilmirsən, niyə?
MOM-un rəhbəri Cəmil Əliyev, Prezidentin İctimai məsələlər üzrə köməkçisi Əli Həsənov, “Xəmsə” MMC-nin rəhbəri Mürvət Həsənli, ölkənin birinci xanımının adənə dəfələrlə məqsədli şəkildə hallandıran adamdır o. Bir də adama deyərlər, adam, vəkilsən, get vəkilliyini elə. Yox, müxalifət fəalisan, ictimai təşkilatının, hərəkatının, partiyanın, hər nədirsə gördüyün işin adını qoy. Ortada nə fal var, n ə yumurta. Yəni adam siyasi fəaliyyət adının üstünə gəlmir, vəkilliklə məşğul deyil, amma şair Moşunun Söylüsü demiş yazeeerrr… pozerrr….danışerr… Axırda da …nə isə gedir mikrarayon tikməyə. Yəni sakitləşir, yumşalır, başqa hədəf arayır. Sağını, sollunu dalayır, gicitikan kimi…
…Bir şey müşahidə eləmişəm. Bir də görürsən yazdığı məsələ haqqında başlayır xoş danışmağa. Onda anlayırsan ki, məqsədini “əlinə alıb”. Keçir ayrı adamlara və ya ayrı mövzulara.
Qayıdaq MOM-a. MOM onun daimi mövzusudur Çünki MOM rəhbərliyindən, nə Əziz Əliyevdən, nə də Cəmil Əliyevdən istədiyini “əlinə ala” bilmir ki, bilmir. Belə baxırsan bu da bir cürə bədbəxtlikdir, ha çalış bir nəticə olmasın ortada. Düzü düşünürəm hətta MOM-da baş verən hadisə və ya hadisələr üzündən nəhəng cinayət işləri açılsa, müəssisə bağlansa, kimsə həkimlikdən məhrum edilsə, yəni yeddi arxın suyunu bir araya calasalar da Aslanın əli istəyini götürməyəçatası deyil. MOM-la bağlı əbədi nakamlıq yaşayacaq.
Qaldı ona ki, bir ailə ilə bağlı yazılan sosial şəbəkə statusunu “vəkil” canıyanmışlıqdanmı paylaşıb, əsla, adım kimi əminəm, o ailə A.İsmayılovun eyninə də deyil. Sadəcə hədəfinə “vuran” hadisədir deyə ona lazımdır. Bəs ayıb deyilmi? Ayıbdır! İnsanlıq adına ayıbdır. İnsanların faciəsindən öz məqsədi üçün bəhrələnmək, nəhəng ayıbdır. Di gəl ki, bu ayıbı hiss edəcək qabliyyətdə adam olmamağın özü də başqa bir cür ayıbdır.
Qaldı ona ki, A.İsmayılov müəllif olaraq nə qədər tanıyıram? Onu bu gün tanımamışam. A.İsmayılovu illər öncə Dövlət Televiziyasında müəllifi Əməkdar jurnalist İbrahim Məmmədovun olduğu “Sumqayıt işi” sənədli filmindən sonra nəşr olunan eyniadlı kitab ətrafında başladığı hoqqalarda tanıdım. O da dəqiq yadımdadır ki, adamı dəfələrlə geniş müzakirəyə, verilişə dəvət eləsələr də, boğuq səsli, arıq, uzun boylu, balaca baş, şüy sifətli bu adam (bu təhqir deyil, fizioloji göstəricilərin sadalanması insanın tipini, xarakterini, şəxsiyyətini bəlli edir) gəlmədi. MOM ha deyil, nəsə umacağı ola. Bu gəlişində A.İsmayılovu aylardır bu kitabı, filmi ərsəyə gətirmək üçün gecəsini gündüzünə qatan, yığınla sənəd, material oxuyan, fakt uzlaşdıran, ixtisasca tarixçi, alim olan biri “darmadağın” edəcəkdi. Gəlmədi!
O üzdən Aslan İsmayılovun paylaşımlarındakı, çıxışlarındakı vətən, millət, dövlət harayına, səmimiyyətinə inanmıram. Hər çıxışın arxasında mütləq bir mənfəət yatır, mütləq. Yox əgər belə deyilsə ona öz efirində oturub, montajsız filansız canlı yaymla ünvanlayacağım suallara cavab verməkdən niyə qaçsın ki?!
Mərd adam, qaçmır, yerində qalır və elə mərd-mərdanə, kişi kimi müdafiə olunur. Hələ ki, ümidliyəm, bir gün bəlkə gerçək aslanlıq eləyib deyə ki, gəl, gəl, otur, sual ver, görüm nə deyirsən? Mən haqqam, ədalətəm, vicdanam, namusam, qeyrətəm, şərəfəm, ləyaqətəm, əsla təmənna deyiləm! Nə bilim, heç ağlım kəsmir!..
Jalə Mütəllimova