Nazirlər zənglərimə laqeyd yanaşsalar, adlarını açıqlayacağam - Millət vəkili

29 Yanvar 2016 20:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimlinin ans press-ə bugünkü açıqlamasından sonra isə bəzi nazir və dövlət məmurlarının hətta deputatlardan da yan qaçdığı məlum oldu.

Millət vəkilinin sözlərinə görə, gündəlikdə olan hansısa problemlərlə bağlı və ya çətinliyə düşən bəzi vətəndaşların məsələləri ilə əlaqədar dövlət məmurları, nazirlər, komitə sədrləri ilə əlaqə saxlamaq müşkülə çevrilib. Telefon zənglərinə biganə yanaşan bu məmurlar saymazlıq edərək telefona ya cavab vermir, ya da telefonlarını hansısa kənar şəxslər götürür:

"Biz millətin xidmətçisiyik. Deputatların arxasında 40 min seçici, onların da 40 min dərdi olur. Biz təkbaşına bu problemləri həll edə bilmərik. Mən elçiyəm, xalqla dövlət arasında elçiyəm. Amma zəng edirsən hansısa məmura, ya nazirə, özü də şəxsi deyil, şəhər deyil, dövlət telefonuna zəng edirsən, amma cavab verən yoxdur. Ya da kişi səsi "nazir iclasdadır" deyir. Başa düşmək olmur gün ərzində nazir nə qədər iclasda ola bilər?", - deyə Fəzail İbrahimli qeyd edir.

Bəzi məmurların özlərini "məndə sığar iki cahan...." prinsipi ilə apardığını deyən millət vəkili həmin məmurları ölkədə mövcud problemlərdən yaxalarını kənara çəkdiklərinə görə qınayır. Onun sözlərinə görə, dünyada gedən iqtisadi böhranın ölkəyə də təsir etdiyi, iqtisadi-sosial vəziyyətin çətinləşdiyi bir ərəfədə belə bəzi nazir və yüksək vəzifəlilərin öz təkəbbürlərindən əl çəkməməsi heç xoşagələn deyil.

Fəzail İbrahimli əlaqə saxlamaqda çətinlik çəkdiyi həmin məmurların adlarını açıqlamasa da, onlara öz mesajını göndərdi.

"Məmurlar deputatlarla əl-ələ verib millətin, dövlətin problemlərini həll etməlidir. Onlar da bizim kimi xalqın xidmətçisidirlər. Onların adlarını sadalamaq istəmirəm, amma bu, mənim nədənsə xoflanmağım kimi anlaşılmasın. Bu, mənim onlara mesajımdır. Növbəti dəfə mənim telefonlarıma laqeyd yanaşsalar, onların adlarını kütləvi informasiya vasitələrinə açıqlayacağam" - deyə deputat laqeyd məmurları hədələdi.

Ölkənin idarəçilik sistemində vəzifə tutan bir çox məmurların iş prinsipindəki qüsurlar, xalqla ünsiyyətdə özlərini böyük tutmaları ilə bağlı ölkə başçısı İlham Əliyev də dəfələrlə çıxış edərək onlara yerini göstərib. Elə bu günlərdə də prezident onlara yenidən xəbərdarlıq edərək "ölkədə toxunulmaz adamın olmadığını" yada saldı:

"Yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq".

Prezident əvvəlki çıxışlarında da daim məmurlara idarəçilik metodlarına yenidən baxmalı olduqlarını bildirib. İcra başçılarına, nazirlərə, nazir müavinlərinə, komitə sədrlərinə daha sadə, xalqın içində olmağı məsləhət görüb.

Məmurların sadəliyi, xalqla ünsiyyətdə yaxınlığı ilə bağlı bu yerdə bəzi xarici ölkələrin təcrübəsi yada düşür. Uzağa getməyək elə qonşu Türkiyədə baş nazir Əhməd Davudoğlunun sadə vətəndaşlar arasında tez-tez görünməsi buna sübutdur. Ötən il hətta türk baş nazir bazarda meyvə-tərəvəz də satmışdı. Davudoğlu həmçinin orta məktəbdə şagirdlərlə görüşüb söhbət etməsi, küçədə insanlara smit paylaması kimi sadə jestləri ilə gündəmə gəlib.


Əhməd Davudoğlu bazarda satıcılıq edib.

Uzağa getsək də yüksək vəzifəli şəxslərin xalqın arasında olmağa can atdığını müşahidə etmək olur. Məsəllən, ötən il Kanadanın yeni seçilmiş baş naziri Castin Trüdo seçkilərdən bir gün sonra xalqa təşəkkürünü bildirmək üçün metroda sadə vətəndaşlarla əl tutaraq görüşmüşdü. Həmçinin kanadalı yeni baş nazirin metrodan daimi olaraq istifadə etdiyi bildirilir.


Kanadanın baş naziri metroda vətəndaşlarla görüşüb.

Dövlət məmurlarının sadə vətəndaşlara münasibəti ilk növbədə onların səmərəli iş fəaliyyətindən, dövlətin, xalqın dərdinə yanmasından xəbər verən faktdır. Yüksək çinli məmurlar nə qədər özlərini sadə aparıb, xalqın arasına çıxsa, vətəndaşların gündəmdəki problemləri ilə yaxından tanış olsa, bu, onların vəzifələrini layiqincə yerinə yetirməsi kimi anlaşılır. Əks halda isə xalqın nümayəndələrinə olduğu kimi, işinə, vəzifəsinə laqeyd yanaşmaqla, çox uzağa gedə bilməyəcəklər. Ölkə başçısının məmurlara son xəbərdarlığı da göstərir ki, bu, onlara verilən son imkandır. Bəlkə ötən il olduğu kimi, 2016-cı il də bir çox yüksək vəzifəlilər üçün düşərli olmaya bilər.