Cəlal Əliyev vəfat etdi

1 Fevral 2016 10:02 (UTC+04:00)

Akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

C. Əliyev prezident İlham Əliyevin əmisidir

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Azərbaycan Milli Məclisinin deputatı olub.

"İstiqlal" ordeni ilə təltif edilib.

APA.az