Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olundu - (Yenilənib)

1 Fevral 2016 15:37 (UTC+04:00)

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.

Qeyd edək ki, C.Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Report.az

***
10:52
Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə AMEA-dan məlumat verilib.

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

APA.az