ABŞ-ın bazara neft çıxarması qiymətləri yüksəldəcək – Politoloqdan nikbin şərh

1 Fevral 2016 12:57 (UTC+04:00)

Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında neftin kəskin ucuzlaşması ilə bağlı təşəbbüsün Açerika Birləşmiş Ştatlarından gəldiyini deyib: "Bunun bir neçə səbəbləri var.

Birinci səbəb Rusiyanın beynəlxalq münasibətlərdə özünü işğalçı dövlət kimi göstərib, münasibətləri qarışdıran bir tərəf kimi rol oynamasıdır. Onun Gürcüstana, Ukraynaya, Suriyaya qoşun çıxarması beynəlxalq münasibətlərdə ikitərəflilik yaradır. Buna görə də, neftin qiymətinin aşağı salınması təşəbbüsü Amerikadan gəlib.

Daha sonra Amerika prosesə Səudiyyə Ərəbistanını da qoşa bilib. Dünyanın ən böyük neft idxalçısı olan Səudiyyə Ərəbistanı bu saat neftin qiymətinə nəzarət edən ölkələrdəndir. Üstəlik Amerika da bu günə kimi idxal etmədiyi nefti dünya bazarına çıxarmağa başlayıb".

Q.Hüseynlinin sözlərinə görə, Səudiyyə Ərəbistanı əvvəlcə prosesə qoşulsa da, artıq neftin qiymətinin aşağı salınmasında maraqlı deyil: "Yəni bu prosesdə iştirak etməyəcəyini bəyan edir. Üstəlik Amerika da neft hasilatının dünya bazarına çıxarmasında neftin qiymətinin aşağı salınmasına marağını itirməkdədir".

Politoloq yuxarıda sadaladıqları amilləri əsas gətirərək bu il neftin qiymətinin yüksələcəyini düşünür.

Bahar RÜSTƏMLİ
AzNews.az