“Avroviziya-2013”- seçim turuna 128 nəfər sənəd verdi

6 Noyabr 2012 06:29 (UTC+04:00)
"Avroviziya" milli seçim turlarına qatılmaq istəyən müğənnilərin sənədləri qəbul olunub. Amma əvvəl seçim turlarına qatılmaq, sonra isə fikrindən yayınaraq yolun yarısından qayıdan müğənnilər də olub.

Müğənni və teleaparacı Günel Hümbətova yolun yarısından qayıdan müğənnilərdən olub. O, AzNews.az-a açıqlamasında seçim turlarına qatılmamasının səbəblərini belə izah edib: "Bir neçə bəstəkarlarla mahnı üzərində çalışıram.

Vokal dərslərinə gedirəm. "Avroviziya" təmsilçilərimizin əksəriyyətinə dərs deyən, milliyətcə gürcü olan Mirziya xanımdan dərs alıram. Amma "Avroviziya"ya getməyi düşünmürəm. Məncə, elə müsabiqəyə sənəd vermək üçün gərək hərtərəfli hazır və qüsursuz olasan ki, həm turlardan keçə biləsən, həm də ölkəni layiqincə təmsil edə biləsən.

Yəni ki, hər şey vəhdət daşımalıdır: ifa, geyim, imic, rəqslər və başqa və s. Mən isə bunlara tam hazır deyiləm. Çünki uzun müddət başım aparıcılıq fəaliyyətinə qarışıb. Hər şəxsin bildiyi kimi, mən çox iddialıyam. Gördüyüm işi qüsursuz, adıma layiq görməyi sevirəm. Ona görə, gec olsun, güc olsun!"

Qeyd edək ki, "Avroviziya-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turlarında iştirak üçün 128 nəfər sənəd verib.

Fuad Mədətov
AzNews.az