Şahzadə qızın ruhu Yeri dağıdacaq – Tarixçilərlə şamanların film kimi davası

2 Fevral 2016 15:10 (UTC+04:00)

Rusiya Federasiyasının Altay Respublikasında 2500 il əvvəl ölən sirli gənc qızın mumiyası mübahisə predmetinə çevrilib.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, çiynində maral döyməsi olan mumiya Rusiya, Monqolustan, Çin və Qazaxıstan sərhədində - sivilizasiyaların qovşağında aşkarlanıb.

Yerli əhali mumiyanın şahzadə Ukokaya məxsus olduğunu iddia edir. Onların inancına görə, şahzadə sülhün qoruyucusu olub. O, yeraltı dünyanın qapılarının keçidində dayanıb və şərin aşağı aləmlərdən insanların dünyasına daxil olmasına yol verməyib.

Yerli şamanlar isə əmindirlər ki, onun ruhunun belə saymazyana narahat edilməsindən sonra şər qüvvələr bu sərhədi maneəsiz keçib, dünyaya çıxıblar.



"Qazıntıya qədər də çox mühüm bir insanı yer altından çıxarsalar Altayda kataklizmlər olacağına dair öncəgörmələr var idi", - deyə şaman Akay Kine bildirib.

Şamanlar iddia edirlər ki, qazıntıdan sonra respublikada əvvəllər olmayan yeraltı təkanlar başlayıb. Sonra Altayda evlərin damını, maşınları yararsız hala gətirən güclü dolu düşüb. Hətta mumiyanı torpağa qaytarmayanda, onun ruhunun bunu su vasitəsilə özünün edəcəyinə dair öncəgörmələr də olub. Doğrudan da, 2014-cü ildə muzeyin şahzadənin qalıqları saxlanan zirzəmisini su basıb. Tapıntıları köçürmək lazım gəlib.



Şaman Akay Kine əminliklə bildirib ki, kataklizmlər təkcə Altay ərazisində deyil, bütün Yer kürəsi boyu baş verəcək.

Alimlər isə miflərə inanmırlar. Onlar üçün şahzadə Ukoka qiymətli elmi və mədəni artefaktdır. Alimlər hesab edirlər ki, bu tapıntı tibbin və bioloqların çoxsaylı suallarına cavab tapmağa kömək edə bilər.

"Qalıqlar qədim insanların həyatını, genetik quruluşunu göstərir, insanın həyat şəraitinin müəyyən edilməsinə kömək edir. Elm üçün bu, əvəzsiz materialdır", - deyə muzeyin işçisi Sergey Kireyev bildirib.

Mütəxəssislər şamanların və yerli əhalinin inanclarını bir kənara qoyaraq araşdırmaları davam etdirirlər. Artıq 25-30 yaşlarında ölən qızın ölüm səbəbi müəyyən edilib. 2010-cu ildə mumiya tomoqrafiya tədqiqatına göndərilib. Lakin qurumuş qalıqlar zəif siqnal verib və şəkillər keyfiyyətsiz olub. Şəkilləri ən yeni kompüter texnologiyalarının köməyi ilə anlamaq mümkün olub. Məlum olub ki, qız süd vəzi xərçəngindən vəfat edib. Xəstəlik təxminən 3 yaşından yaranıb və ən ağır həddinə kimi çatıb. Lakin, Altay şahzadəsinin mənşəyi və sosial statusu hələ də sirr olaraq qalır. Alimlər qeyd edirlər ki, mumiya üzərində hələ çox işləmək lazımdır.

Hazırda yerli əhali ilə mütəxəssislər arasındakı davaya məhkəmə baxır. Mumiyanın bioloji və ya arxeoloji obyekt olduğu müəyyən olunduqdan sonra Altay şahzadəsinin sonrakı taleyinə qərar veriləcək. Məlumat üçün bildirək ki, məhkəmə bu gün keçiriləcək.

Aydan AXUNDOVA