“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində - Səbəb nədir? (FOTO)

2 Fevral 2016 16:21 (UTC+04:00)

Manatın devalvasiyasından sonra iş yerlərinin bağlanması, sosial vəziyyətin pisləşəcəyi barədə daha çox şayiələrə əsaslanan informasiyaların tirajlandığı bir vaxtda belə bir reportajın dərci əlbəttə ciddi marağa səbəb olub. İndiki məqamda bu başlıqla çıxan yazını oxuyan oxucu sizcə nə düşünməlidir? Ölkədə sosial gərginliyin son həddə olmasını, işsizliyin kütləvi hal aldığını, əmək hüquqlarının qorunmadığını... bir sözlə, yalnız mənfi, yuxarıda səsləndirdiyimiz qorxulu kabusla assosiasiyalar.

Amma bu gün məlum olub ki, bu günün problemləri kimi təqdim edilən materialı sən demə, düz 6 il öncə "Yeni Müsavat" qəzeti hazırlayıb..

6 il əvvəl "Yeni Müsavat"da hazırlanmış reportajın "manatın devalvasiyasından sonrakı Azərbaycan reallığı" kimi təqdim etməyin necə qiymətləndirməyi oxucuların öhdəsinə buraxırıq.

Məsələnın peşəkarlıq hissəsinə və plagiatlığa gəldikdə isə bununla yazı müəllifləri anındaca reaksiya verib.

Məsələ ilə bağlı musavat.com-un yayımladığı həmin materialı təqdim edirik:


"Yeni Müsavat" qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır" başlıqlı yazısı 6 il sonra "Azadlıq" qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, xural.com saytına istinad edərək.

"Yeni Müsavat" qəzetimizdə olaraq, 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladıq.



Sücəddin Şərif həmin yazının "Yeni Müsavat" qəzetində dərc olunduğundan və 6 il öncə yazıldığından xəbərsiz olduğunu bildirdi: "Bu yazını əməkdaşlarımız xural.com saytından götürüblər. Orada "Yeni Müsavat"a istinad olunmadığı üçün biz yazının "xural.com" saytına aid olduğunu düşünərək onlara istinad verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam".



"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə facebook statusunda aydınlıq gətirib. O, bildirib ki, bu yazı facebook istifadəçiləri tərəfindən onlara göndərilib: "Bu yazını dünən dostlar "facebook"da görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər. Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində Günay Musayeva tərəfindən yazıldığı məlum oldu. Saytımızda düzəliş etdik..."



Qeyd edək ki, məsələ aydınlaşdıqdan sonra xural.com saytında düzəliş edilib və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində dərc olunduğu qeyd edilib.

Yazının müəllifi, jurnalist Günay Musayeva isə, bildirib ki, yazının yenidən gündəmə gəlməsi müsbət hal olsa da, müəllif hüququnun pozulması arzuolunan deyil: "Xural.com saytının mənim 2010-cu ildə dərc olunan yazımı yenidən gündəmə gətirməsi müsbət bir haldır. Çünki, bu problem indi də qalmaqdadır".