Qubernatordan rayon rəhbərinə qeyri-adi cəza – İşıqlarını kəsdi

3 Fevral 2016 17:07 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Berdibek Saparbayev Muqalcar rayonunun akimi Serik Şanqutovun evinə verilən elektrik enerjisinin kəsilməsini əmr edib. Onun S.Şanqotovu bu üsulla cəzalandırmasına səbəb isə fəaliyyətdə olduğu 10 il ərzində təxminən 800 nəfər əhalisi olan kəndə işıq çəkdirməməsi olub.

Qubernator bildirib ki, akimin evi sözügedən yaşayış məntəqəsinə elektrik enerjisi çəkilməyincə işıqsız qalacaq.

"Aul 10 ildir ki, işıqsız yaşayır, ancaq sizin evinizdə işıq var. Akim və onun müavininin evində elektrik enerjisinin kəsilməsini əmr edirəm. Rayonda işıq olanda, onların da evində işığı yandırarsınız", - deyə B.Saparbayev elektriklərə müraciətində bildirib.

Bundan əlavə, qubernator rayonun yollarındakı vəziyyəti də tənqid edib. "Siz 11 ildir ki, rayona rəhbərlik edirsiniz və bu müddət ərzində yalnız 11 yolu asfaltlamısınız. 1 ilə 1 yol. Yəqin ki, qalan 30 yolu qaydaya salmaq üçün də sizə 30 il vaxt lazım gələcək", -deyə Saparbayev istehzayla bildirib.

Aydan AXUNDOVA