Bakıda 1100 kq-dan artıq mənşəyi məlum olmayan ət aşkarlandı

3 Fevral 2016 22:11 (UTC+04:00)

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 27-də isə həmin cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmişdir.

Təəssüflər olsun ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılmışlar.

"Ford Transit" markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman xeyli sayda hissələrə ayrılmış heyvan cəmdəkləri, eləcə də heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri aşkar olunmuşdur. Hissələrə ayrılmış heyvan cəmdəklərinin bir hissəsi yük avtomaşınında primitiv quraşdırılımış dəmir qarmaqlardan asılmış vəziyyətdə olsa da, digər əsas hissəsi isə baytarlıq-sanitariya qaydalarına riayət edilmədən avtomaşının döşəməsinə, içərisində heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri üst-üstə tökülmüş çirkli vəziyyətdə aşkar edilmişdir.

Yük avtomaşınında olan hissələrə ayrılmış heyvan cəmdəyinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan 012760 №-li baytarlıq şəhadətnaməsində (forma № 2) 8 (səkkiz) baş mal əti (1200 kq) göstərilsə də həmin sənədin kim tərəfindən verilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cəmdək hissələrinin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı müəyyən edilmişdir. Eləcə də avtomobilə yüklənmiş daxili orqanlar, baş-ayaqları, heyvan yelini və digər nahiyələr müşayiətedici sənəddə öz əksini tapmamışdır.

Yük avtomaşınında olan heyvan ətinin müşayiətedici baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyi məlum olmadığına və ət cəmdəklərinin üzərinə vurulan möhürün qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığına görə laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın "Baytarlıq şəhərciyi" nə gətirilmiş, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunmuşdur.
RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunmuşdur. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilmişdir.

Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilmişdir.

Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər respublikanın şəhər və rayonlarında mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.