Füzulidən olan sahibkarlardan Artur Rasizadəyə müraciət - Fotolar

4 Fevral 2016 11:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev konfransdan irəli gələn tapşırıqların icrası istiqamətində rayonda görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var: "Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır".

Alı Alıyev rayonun iqtisadiyyatının inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, rayonda kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, torpaqlardan səmərəli istifadə olunmalı, sahibkarlar rayon iqtisadiyyatının inkişafına cəlb edilməli, iri təsərrüfatlar yaradılmalıdır: "Aqrar rayon olan Füzulidə kənd təsərrüfatının, xüsusilə strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı perspektivlər müəyyənləşdirilib".

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova da çıxış edib.

B.Muradova dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri imkanlarından danışmış, böhranın ölkəmizə təsirinin azaldılması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. Bahar Muradova ilk növbədə, atılacaq addımların qanunvericilik əsaslarının yaradılmasının vacibliyini vurğulayıb: "Bu məqsədlə yeni dövrün islahatlarını aparmaq üçün layihə hazırlanıb Milli Məclisə təqdim edilib. Bunlar investisiyaların təşviqini, kənd təsərrüfatının inkişafını, iqtisadi proseslərin həyata keçirilməsinə maneçilik törədən müdaxilələrin aradan qaldırılmasını, sahibkarların azad şəkildə fəaliyyət göstərməsini tənzimləyən qanunvericilik dəyişiklikləridir".

Sonra KRAUNKO-1 MMC-nin direktoru Elvüsal Mahmudov, iş adamı Aydın Hüseynov və digərləri çıxış ediblər.

Müzakirələr zamanı sahibkarlar, fermerlər və məcburi köçkünlər tərəfindən Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsini təmin etmək məqsədilə bir sıra çıxış və təkliflər səsləndirilib.

Müzakirələrdə irəli sürülən əsas təkliflər Horadiz şəhərində ASAN Xidmət mərkəzinin yaradılması, Horadiz-Aslandüz İran Azərbaycan piyada sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa olunması, rayon ərazisində kənd təsərrüfatını, taxılçılığı inkişaf eltdirmək üçün 20 ədəd artezian quyusunun qazılması, torpaqların suvarılması ilə əlaqədar su pulunun yığılmaması, sənaye məhəllələrinin yaradılması, yem emalı müəssisəsinin yaradılmasına köməklik göstərilməsi xahiş olunub.

Sonda görüşdə səsləndirilən əsas təkliflər ümumişləşdirilərək onların həll olunması üçün Azərbaycan Respublikasının Baş Nazirinə rəsmi müraciət olunub.