Lavrovdan Türkiyəyə qarşı yenə sərt ittihamlar: “Terrora dəstək verirlər”

4 Fevral 2016 17:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliyanın "Limes" qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu cür hərəkətin rus-türk münasibətlərinə təsir etməyəcəyini gözləmək düzgün olmazdı: "Rusiya təyyarəsinin vurulması bənzərsiz meydan oxuma idi. Türkiyəyə olan güvənimiz ciddi şəkildə qırıldı. Bunun nəticəsində 2 ölkə arasında bir çox sahələrdə əməkdaşlıq dayandırıldı. Bu, bizim seçimimiz deyildi".

Lavrov müsahibəsində Türkiyənin baş verən hadisədən sonra üzr istəmək əvəzinə haqlı olduğunu bildirməsini də xatırladıb: "Bu vaxta qədər Türkiyə hökumətindən nə üzr, nə hadisəni kompensasiya etmək üçün hazır olduqlarını göstərən bir işarə, nə də günahkarları lazımınca cəzalandırmaq istəyi görmədik. Əksinə, rəsmi Ankara Türkiyənin haqlı olması və ərazi bütövlüyünü qoruması ilə bağlı açıqlamalar verir. Bütün bunlardan sonra türk siyasətçilərin "kədərli olduqlarına" dair sözləri yaşanan hadisənin ciddiyyətilə uyğunlaşmır".

S.Lavrov bildirib ki, Rusiya terrorla mübarizəyə ciddi önəm verir və Türkiyənin terroru dəstəkləndiyini hesab edir: "Rusiya dəfələrlə Türkiyədəki terror təhdidlərinin böyüməsi və Türkiyə hökumətinin terrorla mübarizədə işbirliyinə hazır olmamasıyla bağlı narahatlığını dilə gətirib. Bizim çağırışlarımıza baxmayaraq, rəsmi Ankara bölgədə fəaliyyət göstərən terror qruplaşmalarına qoşulmaq üçün Yaxın Şərq və Şimali Afrikaya gedən vətəndaşların tutulub Rusiya Federasiyasının güc strukturlarına təslim etmək barədə əməkdaşlıqdan yayındı. Biz terrora edilən bu yardımları unutmarıq. Eyni zamanda Suriyadakı əsgərlərimizin ölümündə birbaşa məsuliyyətli olan bugünkü hakimiyyətlə türk xalqı arasındakı güvənli və keçmiş dostlarımızı bir tutmuruq. Rusiya üçün terrorla mübarizə mövzusu prinsip məsələsidir. Buna görə də, Türkiyə Hava Qüvvələrinin Rusiya təyyarəsinə hücumu bizim addımlarımıza təsir edə bilməz. Türkiyənin təxribatlarının hədəfi bu idisə, yanılıblar".

Aydan AXUNDOVA