Bahalaşan qiymətlər yenidən ucuzlaşdı - Kreditləşmə bərpa edildi

4 Fevral 2016 22:06 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, dekabr ayının sonuna doğru satışdan və kreditləşmədən imtina edən mağazalar artıq kreditləşməni və satışı bərpa ediblər. Təbii ki, bu da, məişət texnikası bazarında müəyyən qədər canlanmaya səbəb olub. Bunu alıcılar da, satıcılar da təsdiq edirlər.

Satıcılar deyir ki, kreditləşmənin bərpası onların satışında aktivliyin müşahidə edilməsinə gətirib çıxarıb. "Düzdür, hazırda bazarda əvvəlki aylarla müqayisədə geriləmə müşahidə edilir. Ancaq bu, qiymətlərin bahalaşdığı ilk vaxtlarla müqayisədə xeyli çoxdur", - deyə satıcı İmran Məmmədov bidirir.

O, bu canlanmanın öz səbəbləri olduğunu deyir: "Dollar bahalaşan gün bizim 249 manata satdığımız telefonların qiymətləri rəhbərlik tərəfindən 379 manata, 699 manata olan televizorun qiyməti 879 manata, 1499 manata olan soyuducunun qiyməti isə 1819 manata yüksəldildi. Ötən günlər ərzində bu şişirdilmiş qiymətlərin alıcıların marağına səbəb olmadığı rəhbərlik tərəfindən başa düşüldü və qiymətlər yenidən aşağı salındı. Məsələn hazırda, qiyməti 379 manata qaldırılan telefon 279, 879 manata təklif edilən televizor 729, 1819 manata təklif edilən soyuducu isə ucuzlaşdırılaraq 1539 manata təklif edilir".

Satıcı qiymətlərin çox cüzi qalxmasının alıcılıq qabiliyyətini aşağı salmasına baxmayaraq, kreditlə satışın onların işini müəyyən qədər asanlaşdırdığını deyir: "Məişət texnikası bazarında kredit şərtləri o qədər də ağır deyil. Kreditə aşya almaq istəyən vətəndaşlara sadəcə şəxsiyyət vəsiqəsi, iş yerinin olması, və Bakı qeydiyyatında olması tələbi irəli sürülür. Bu isə bizim işimizi asanlaşdırır".

Mütəxəssislər isə satıcılar tərəfindən qiymətlərin süni şəkildə qaldırıldıqdan sonra yenidən aşağı salınmasının özünəməxsus səbəbləri olduğunu bildirirlər. İqtisadçı Nicat Hacızadə deyir ki, qiymətlərin yenidən aşağı salınmasının əsas səbəbi bu sahəyə olan olan tələbin azalması ilə bağlıdır: "Bazarın dekabrın sonlarına nisbətən bir az canlanması kreditləşmənin bərpa edilməsi ilə bağlıdır. Ancaq indiki dövrə baxsaq görərik ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə bazarda alıcılıq qabiliyyəti müəyyən qədər azalıb. Hazırda əhali demək olar ki yalnız cari məhsullara pul xərcləməyə üstünlük verir. Bu da bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsi isə rəqabət mühitində qiymətlərin azalmasına səbəb olur".

Nicat Hacızadənin sözlərinə görə, bu günki bazar və kreditləşmənin bərpa edilməsi də elektrotexnika məhsullarının satışının daha da canlanmasına kömək göstərə bilməyəcək. Nəticədə də alıcıların sayı azalacaq ki, bundan sonra mağazalar daha çox endirimlər etməyə məcbur qalacaqlar. Bu da, rəqabət mühitində qiymətlərin biraz daha aşağı düşməsinə səbəb olacaq. Bu prosesi son günlər dolların ucuzlaşması daha da sürətləndirəcək.

Xatırladaq ki, dekabrın 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib. Qeydə alınan bu haldan bir gün keçməmiş paytaxtın əksər mağazalarının sahibləri satışdan imtina edərək ticarət obyektlərinin qapılarına kilid vurub. Həmin qapısı kilidli qapılar yalnız dekabrın sonlarına doğru, stabillik yaranandan sonra açılmağa başlayıb.

Onu da əlavə edək ki, dekabr ayının 19-u, hələ dolların bahalaşmasından bir neçə gün əvvəl mağazalarda apardığımız araşdırmalar qiymətlərin qaldırıldığını ortaya çıxarmışdı.

Ümumiyyətlə, qiymətlərin aşağı düşməsində dövlət orqanları tərəfindən aparılan monitorinqlərin də öz payı var. Sahibkarlar süni qiymət artımına yol verdiklərinin dövlət tərəfindən aşkarlanacağı halda cərimələnəcəklərindən çəkindikləri üçün qiymətləri müəyyən qədər aşağı salmağa məcbur olurlar. Əhali ikinci dərəcəli xərclərdən qaçdığı üçün bazarda müəyyən qədər geriləmənin yarandığı məlumdur. Bundan sonra sahibkarların üzərinə düşən əvvəllər olduğu kimi etdikləri güzəştləri bərpa etmək, eyni zamanda kreditləşmə zamanı da müəyyən güzəştlərə getməkdir. Çünki hazırkı vəziyyətdə yalnız bu yolla müştəri cəlb etmək mümkündür.