Ramil Səfərovun işi yenidən böyüyə bilər

6 Fevral 2016 10:36 (UTC+04:00)

"Yeni Müsavat" qəzeti yazır ki, erməni hərbçisinin qohumları ölkəmizlə yanaşı, Macarıstanın da bu iş üzrə qanun pozuntusuna yol verdiyini iddia edirlər. Onlar Macarıstanı hökmdə göstərilən cəzanı tam çəkəcəyinə zəmanət almadan Ramil Səfərovun ekstradisiyasına icazə verməkdə günahlandırırlar. Bu işdə iddia qaldıranlardan biri də Hayk Makuchyandır. Budapeştdə baş verən həmin hadisə zamanı Səfərovun onu da öldürmək istədiyi deyilir.

Göründüyü kimi, "Səfərovun işi" üzrə narahatçılığa əsas var. Düşmən ölkənin rəhbərliyi səviyyəsində bu məsələ üzrə canfəşanlıq göstərilir. Bəs zabitimizin həbs təhlükəsi gündəmə gələ bilərmi?

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Ramil Səfərovun yenidən həbsi üçün heç bir əsasın olmadığını söylədi: "Bu məsələ ilə bağlı Avropadan hər hansı təzyiq, sanksiyanın gələcəyini düşünmürəm. Avropa Məhkəməsi bu barədə qərar çıxarsa, siyasi xarakterli ola bilər. Məncə, belə bir qərara ehtiyac yoxdur. Erməni tərəfini maraqlandıran ortada olan mövzudur. Kampaniya şəklində fəaliyyətə başlayıblar. Bu, Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Çalışırlar ki, Qarabağ probleminin həlli istiqamətindəki fəaliyyət arxa plana keçsin, işğalçı mövqeləri güclənsin. Bütün niyyətlər buna xidmət edir. Bu baxımdan Ramil Səfərovla bağlı məsələnin qabardılmasını, bu siyasətin tərkib hissəsi kimi qəbul etmək lazımdır".

Hüquq müdafiəçisi Arzu Abdullayeva da hesab edir ki, Avropa Məhkəməsi tərəfindən hərbiçimizi yenidən həbsxanaya qaytarmaqla bağlı qərar ola bilməz: "Məhkəmə tərəfindən hansısa qanun pozuntusu ilə bağlı cərimə qərarı verilə bilər. Açığı Avropa Məhkəməsinin ədalətli qərar çıxaracağına əminəm. Hər şey dəlillərdən asılıdır. Biz hesab edirik ki, Ramil Səfərov haqlı olaraq azad edilib. Burada əsas mənəvi tərəflər məni narahat edir. Biz bilirik ki, o, erməni zabitinin ölümünə səbəb olub. Bu insanı tərəfdən çox pisdir, yolverilməz haldır. Digər tərəfdən, hadisə ölkəmizi çətin vəziyyətə saldı. O, qarabağlı idisə, həm Qarabağı, həm də Azərbaycanı düşünməli idi. Bu hadisə Qarabağın qaytarılması ilə bağlı məsələni bir qədər də uzaqlaşdırdı. Ən azından bir addım geri saldı. Dünyada ölkəmiz barəsində çox mənfi rəy yarandı. O, azad olunanda, onu qəhrəman kimi təqdim etmək ikinci böyük səhv idi. Onun azad olunması başa düşülən idi".

Hüquqşünas Müzəffər Baxış erməni tərəfin Səfərovla bağlı Avropa Məhkəməsinə müraciət etmələrində heç bir əsasın olmadığını qeyd etdi: "Ramil Səfərov Azərbaycanla Macarıstan arasında olan qarışıqlı əlaqəyə əsasən ekstradisiya edilib. Avropa Şurasının cəza çəkən məhbusların ekstradisiyası haqqında konvensiyası var. Həmin konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan və Macarıstan arasında əldə edilmiş razılıq əsasında Ramil Səfərov ekstradisiya edilib. Bu proses zamanı Azərbaycan dövləti üzərinə heç bir öhdəlik götürməyib. Sadəcə, ekstradisiya barəsində razılığa gəliblər. Ramil Səfərov Azərbaycan tərəfə təhvil verildikdən sonra prezident konstitusiyanın 109-cü maddəsinin 22-ci bəndini və Cinayət Məcəlləsinin 82-ci maddənin tələblərini rəhbər tutaraq, öz səlahiyyətləri çərçivəsində onu əfv edib. Bununla Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilmə cəzasından azad edilib. Beynəlxalq hüquq normalarına və konstitusiyamızın tələblərinə əməl olunmaqla, prosedura qaydaları həyata keçirilib. Erməni tərəfinin müraciətinin heç bir hüquqi əsası yoxdur. Bununla bağlı Macarıstanın da üzərinə heç bir tələb Avropa Məhkəməsi tərəfindən qoyula bilməz. Sadəcə olaraq, bu siyasi kampaniyadır.

Erməni tərəfi bu məsələni gündəmdə saxlamaq istəyir. Avropa Məhkəməsinin bu barədə qərarı olsa belə, heç bir nəticəsi olmayacaq. Mən bilən artıq Azərbaycan tərəfi Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə bağlı Milli Məclisə qanun layihəsi hazırlayır. Həmin qanun layihəsinə əsasən, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tələblərə uyğun olmasa, Azərbaycan tərəfi bu qərarın icrasından imtina edə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla bağlı bundan sonra hansısa qərar qəbul edilsə, bunun icrasından imtina ediləcək".

Xatırladaq ki, Ramil Səfərov erməni zabitini 2004-cü ilin fevralında Budapeştdə hərbiçilərin iştirakı ilə ingilis dili kursları keçirilərkən qətlə yetirmişdi. O, erməni hərbçisini bayrağımızı təhqir etdiyinə görə öldürdüyünü bildirmişdi. 2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə Ramil Səfərova 30 il əfv edilməmək şərti ilə ömürlük həbs cəzası verilmişdi. 2012-ci il avqustun 31-də o, Azərbaycana təhvil verilib və ölkə başçısı Ramil Səfərovun dərhal əfv edilməsinə dair sərəncam imzalayıb.