Qabil Hüseynli: “Avtoritar rejimlərə silah lazımdır”

6 Noyabr 2012 16:55 (UTC+04:00)
Rəsmi Kreml Qırğızıstan və Tacikistan ordusunun yenidən qurulmasına 1,5 milyard dollar həcmində hərbi yardım ayıracaq. Rusiyanın postsovet məkanı ölkələrində silahlandırma siyasəti ilə bağlı siyasi şərhçi Qabil Hüseynli AzNews.az-ın bir neçə sualını cavablandırıb.

-Postsovet məkanına münasibətdə niyə Rusiya həmişə silahlandırma siyasətinə üstünlük verir?

-Burada məqsəd tam aydındır. Əvvəla Rusiyanın adıçəkilən hər iki ölkədə hərbi bazası var. Hərbi bazalar da bu dövlətləri tamamilə Rusiyanın təsir dairəsində saxlayır. Eyni zamanda bununla Rusiya bu bölgələrdə özünün strateji maraqlarını reallaşdırır. 1,5 milyard dollar vəsaitin ayrılmasının da ikili məqsədi var. Birinci məqsəd bu ölkələr tamamilə Rusiyadan asılı vəziyyətə düşürlər. İkinci məqsəd isə Cənubdan-Əfqanıstandan gələcək təhlükəni dəf etmək üçün bu ölkələrin silahlandırılmasına səy göstərilir. Bununla da istənilən vaxt bu ərazilərə daxil olmaq imkanında olan "Taliban"çılar, "Əl-qaida"çılar, həmçinin daxildəki radikal islamaçı dəstələrin zərərsizləşdirilməsi düşünülür. Onlar istənilən vaxt bu ölkələrdə vəziyyəti gərginləşdirə bilərlər. Rusiya da burdakı avtoritar rejimləri qorumaqla, onları öz təsir dairəsində saxlamaqla Əfqanıstandan gözlənilən təhlükəni əngəlləmək istəyir.

-Keçmiş ittifaq ölkələrinə nüfuz edən Avropa və ABŞ-ın atdığı addımlarla bu ərazilərdə təsir dairəsindən vermək istəməyən Rusiyanın ayırdığı vəsaitlərin istiqamətləri də paradoksaldır...

-Kimin nəyi varsa, onu da sərf edir. Rusiyada istehsalın 60 faizi hərbi sənaye kompleksinin əlindədir. Bu ölkə silahdan başqa çox az şey istehsal edir. İstehsal etdikləri də texnoloji baxımdan o qədər mütərəqqi deyil və müasir texnologiya ilə ayaqlaşmır. Bu mənada Rusiya postsovet məkanı ölkələrində televiziya və radio zavodları, kompüter texnologiyasına aid mürəkkəb qurğular, nə tikirsə tiksin bu, alınmaz, bunları həyata keçirmək o qədər də asan məsələ deyil. Bunları reallaşdırmaq heç Rusiyanın iqtisadi maraqlarına da uyğun deyil. Rusiyanın müasir texnologiya bazarına giriş imkanları da yoxdur. O yalnız silah istehsalı sahəsində və hansısa dövlətləri silahla təmin etmək məsələsində irəli gedib. Onlara da ilk növbədə rejimin xarakterindən irəli gələrək silah lazımdır. Ruslar da bu ehtiyacları yaxşı proqnozlaşdıra və onu həyata keçirə bilirlər.

-Effektivlik baxımdan hansı daha əhəmiyyətlidir və atılan addımların həmin ölkələrdə hansına üstünlük verildiyi daha çox diqqətçəkəndir?

-Bu rejimin xarakterindən asılıdır. Avtoritar rejimlərə həm öz xalqını qorxuda saxlamaq, həm də ətraf dövlətlərdən özünü qorumaq üçün daha çox silah lazımdır. Avtoritar rejimlərin müxalifəti də güclü olur. Çünki onlar həm siyasi, həm də dini amillərə söykənir. Amma əgər rejim demokratikdirsə, xalqın iradəsi ilə hakimiyyətə gətirilibsə, onlarda iqtisadi, mədəni, siyasi inkişaf üçün şərait yaratmağa daha çox meylli olurlar. Bu səbəbdən də texnoloji, elm tutumlu istehsalın ölkəyə gətirilməsinə, yaxud da daxildə onların istehsalına daha çox diqqət yetirilir.

Gültəkin Qəhrəmanlı
AzNews.az