Müxalifət meriyaya yenidən müraciət edəcək

6 Noyabr 2012 13:26 (UTC+04:00)
"BŞİH müəyyən bəhanələr gətirib". Bu barədə AzNews.az-a Bütöv Azərbaycan Partiyasının sədri (BAP) sədri Elşad Musayev deyib.

O bildirib ki, bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) iclas keçirib: "Bildiyiniz kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) piket və mitinq keçirmək üçün icazə verməyib. Şəhər rəhbərliyi bu məsələdə müəyyən bəhanələr gətirib. Ona görə iclasda qərara alındı ki, noyabrın 15-də piket keçirmək üçün BŞİH-ə yenidən müraciət edilsin".

E.Musayev qeyd edib ki, aksiyaları icazəsiz keçirmək hələlik gündəmdə deyil: "Müraciətimizə cavab aldıqdan sonra bu barədə müzakirələr aparılacaq. Həmçinin, aksiyalara icazə verilmədiyinə görə, BŞİH məhkəməyə veriləcək. Artıq, bu məsələdə işlər aparılır".

Qeyd edək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 7-nə Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketə Bakı meriyası bu dəfə də rədd cavabı verib.

Xatırladaq ki, DQMM paytaxtın 3 noyabr tarixinə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyəndən sonra müxalifət nümayəndələri noyabrın 7-də meriyanın qarşısında piket keçirməyə qərar vermişdi.

İlkin Pirəli
AzNews.az