İlhamənin oğluna cinayət işi açıldı – Üzəduran dostu barədə yeni faktlar (Yenilənib)

9 Fevral 2016 19:02 (UTC+04:00)
AzNews.az-a daxil olan məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın üzünə durmaqla gündəmə gələn, O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.
Araşdırma zamanı həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.

Qeyd edək ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir.


***

Xalq artisti İlhamə Quliyevanın adı cinayət işində hallanan oğlu Orxan Nadirov qaranlıq qalan məqamlara aydınlıq gətirib.

AzNews.az-la əlaqə saxlayan O.Nadirov sözügedən cinayət işində, təqsirli olmadığını, yalnız şahid qismində iştirak etdiyini bildirib: "Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır.

Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb".

Cinayət işinin nə ilə bağlı açılması sualına isə O.Nadirovun cavabı belə olub: "O hər nə cinayət işidirsə, cinayət əməli sübuta yetiriləndən sonra istintaq orqanları açıqlama verəcək".

O.Nadirov bir müddət əvvəl Heydər Əliyev adına Hava Limanında da məhz bu cinayət işi bağlı saxlanıldığını təsdiqləyib: "Yenə də deyirəm mən həmin cinayət işində yalnız şahid kimi keçirəm. Həmin vaxt saxlanılmağım və polisə aparılmağım da bununla bağlı idi".

AzNews.az