Türkiyədəki səfirliyimiz Avstraliyaya nota verdi

7 Noyabr 2012 06:18 (UTC+04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Cənubi Uels ştatının qanunvericilik orqanının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnamə qəbul etməsi ilə əlaqədar bu ölkənin Türkiyədəki səfirliyinə nota göndərib. Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

XİN sözçüsü bildirib ki, notaya cavab olaraq Avstraliya səfirliyi ölkəsinin federal səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. Onun sözlərinə görə, sözügedən qətnamə bütövlükdə Avstraliyanın mövqeyi hesab olunmur: "Milli müqəddəratı təyinetmə prinsipinə dəstək verilməsi haqda bütün bəyanatlar hansısa ölkənin ərazi bütövlüyünün pozulması mənasına gəlmir. Azərbaycan da dəfələrlə xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini söyləyib, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır".

Xatırladaq ki, ötən ay Avstraliyanın Cənubi Uels ştatı "Xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması" adlı qətnamə qəbul edib. Qətnamədə Avstraliya hökuməti uydurma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa və separatçı qurumla əlaqə yaratmağa çağırılır.

Vasif Həsənli
AzNews.az