Wi-Fi-lı qatarların gətiriləcəyi vaxt - Açıqlandı

12 Fevral 2016 23:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri ans press-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycana vaqonlardan 10-u 2016-cı ilin birinci yarısı gətiriləcək.

"Digər 20 vaqon isə Bakı – Tiflis – Qars dəmir yolu fəaliyyətə başlayana qədər Azərbaycana gətiriləcək. Bu istiqamətdə işlər gedir. Gətiriləcək vaqonların tikintisinə başlanılıb", - deyə qurum rəsmisi qeyd etdi.

N.Əzməmmədovun sözlərinə görə, vaqonlar İsveçrənin "Stadler Rail Group" şirkətindən alınacaq. "Amma bu qatarlar Bakı - Sumqayıt istiqamətində hərəkət edənlərdən fərqlidir. Yəni birmərtəbəli olacaq. Yeni gətirilən qatarlarda geniş salon, Wi-Fi, biznesclass, restoran və digər xidmətlər olacaq. Yataq tipli qatarda 10, 20, 30 nəfərlik yerlər var", - deyə Nadir Əzməmmədov bildirdi.

Qurum rəsmisi onu də əlavə etdi ki, hazırda beynəlxalq qatarların yenilənməsi prosesi gedir: "Amma gələcəkdə ölkədaxili qatarların yenilənməsi və təmiri həyata keçiriləcək".

Son dövrlər Azərbaycanın dəmir yolu nəqliyyatında yeniliklər baş verir. Ötən ilin mayında "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları Azərbaycana gətirilib.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. Bu Azərbaycana ilk ikimərtəbəli qatarlardır.