Geomaqnit qasırğası baş verə bilər

15 Fevral 2016 16:30 (UTC+04:00)

Hazırda Günəşin səthində 52 ləkə və 3 fəallıq qrupu (ləkələr toplusu - AR) müşahidə olunur. Diskin kənarına yaxın yerləşən aktiv region - AR 2497 ən mürəkkəb maqnit konfiqurasiyasına "(beta-qamma-delta" quruluşuna) malik olduğundan buradakı Günəş ləkələrinin yaxınlığında hər an ən müxtəlif gücə malik alışmanın başvermə ehtimalı yüksəkdir. Təsəlliverici fakt isə odur ki, bir azdan bu aktiv region Günəşin fırlanması səbəbindən görünən diskin arxasına keçəcək və o, "geoeffektiv" olmayacaq.

Bu barədə məlumat verənAzərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 3-dür (maksimum 9 olur) və bu, orta həyəcanlanma deməkdir. Lakin bu gün və sabah, həmçinin fevralın 18-də geomaqnit həyəcanlanmasının artacağı gözlənilir.

Birinci həyəcanlanmaya Günəşdən kosmik fəzaya atılmış plazma buludunun ("tac kütlə atılması") Yerin maqnit sahəsi ilə təması səbəb olacaq. İlkin proqnoz 60 faiz ehtimalla yuxarı en dairələrində G1 sinfinə mənsub geomaqnit qasırğasının baş verəcəyini göstərir. Qeyd etmək lazımdır ki, maksimal şkala G5-dir və bu cür qasırğalar nadir hallarda baş verir. Hazırda planetlərarası maqnit sahəsinin (PMS) "z komponenti"nin cənub istiqamətini göstərməsi həyəcanlanma ehtimalını bir qədər də artırır. Yəni bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır.

Fevralın 18-də davam etməsi gözlənilən geomaqnit həyəcanlanması isə Günəş səthində hazırda mövcud olan və kanyonabənzər "tac dəliyi"ndən başlanğıcını götürəcək yüksək sürətli plazma küləyinin təsiri nəticəsində yaranacaq. "Tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir.

Gözlənilən qasırğa yuxarı en dairələrində daha effektiv olacaq. Bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün isə onun təsirinin orta və ya zəif olması gözlənilir.

Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur. Lakin qış günlərinin meteoroloji şəraitinin tipik və kəskin dəyişmələri (atmosfer təzyiqi, temperatur, külək) kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdikdə, risk qrupuna daxil olan insanlar üçün artan diskomfort yarana bilər. Neqativ təsir bu gün və qismən sabah, həmçinin fevralın 18-də hiss ediləcək. Bu özünü xroniki xəstələrdə (xüsusilə ürək və qan-damar xəstəlikləri olan insanlarda), ahıl şəxslərdə və azyaşlılarda bir az qabarıq büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik tədbirlərin görülməsi faydalı ola bilər.

Elçin Babayev vurğulayıb ki, geomaqnit həyəcanlanmaları kosmik hava şəraitini mürəkkəb və əlverişsiz edir. Yuxarıda qeyd olunanlar analizlər əsasında verilmiş proqnozdur. Real geomaqnit vəziyyətin bu gün, sabah, həmçinin fevralın 17-19-da nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən də asılı olacaq.

Azərtac.az