Futbolçu hakimi güllələyib öldürdü - Oyundan çıxarıldığı üçün

16 Fevral 2016 11:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İngiltərənin "The Mirror" qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Argentinanın Kordova şəhərindəki futbul qarşılaşması zamanı olub.

Hakim Sesar Flores komandalardan birinin oyunçusunu meydançadan çıxarıb. Bundan sonra 25 yaşlı futbolçu odlu silahla geri qayıdaraq hakimə 3 dəfə atəş açıb. 48 yaşlı Flores aldığı yaralardan vəfat edib. Həmçinin futbolçu Valter Sarate də xəsarət alıb. Lakin onun həyatı üçün təhlükə olmadığı bildirilir.

"Bütün bunlar oyun zamanı baş verib. Oyunçuyla hakim arasında dəqiq nə baş verdiyini bilmirik. Lakin futbolçu əsəbi idi. O, silah götürməyə gedib və qayıtdıqdan sonra hakimi güllələyib", - deyə polis əməkdaşı bildirib.

Cinayəti törədən oyunçu axtarışa verilib.

Aydan AXUNDOVA